Premyer Liqanın debütantı “Kəpəz” yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Gəncə klubunun kapitanı Tural Axundov klubun mətbuat xidmətinə müsahibə verib.
- Hazırlıq necə gedir?
- Hazırlığımız yüksək səviyyədə keçir. Gündə iki dəfə məşq edirik. Səhər məşqində fiziki hazırlıqla məşğul oluruq. Axşam çalışmalarında isə toplu məşqlərə yer ayrılır.
- Komanda toplanış çərçivəsində iki yoxlama görüşü keçirib və hər ikisində qalib gəlib. Oyunlar ağır olmadı?
- Həm “Sumqayıt”, həm də AZAL-a qarşı matçlar bizim üçün çətin oldu. Çünki komanda hələ tam formalaşmayıb. Amma gələcəkdə daha yaxşı olacaq. Heyətdə gənc futbolçular var, canla-başla məşq edirlər. Özlərini ən yaxşı tərəfdən göstərməyə, doğultmağa çalışırlar. Eləcə də təcrübəli futbolçular.
- Komandanın gənc futbolçuları necə təsir bağışlayırlar?
- Biz təcrübəlilər azdan-çoxdan oynamışıq. Əsas gənclərin özünü sübut etməsi, onlara bəslənilən ümidlərin qarşılığını verməsidi. Əlbəttə ki, bizlər də onlara və komandaya yardımçı olmalıyıq.
- Baş məşqçi Şahin Diniyev yoxlama görüşlərinin nəticəsinin bir önəm kəsb etmədiyini bildirib. Bu oyunlar sizə nə verəcək?
- Düzdü, yoxlama oyunları bizim üçün sınaq xarakteri daşıyır. Lakin özümüzə inamı artırmaq üçün qələbə qazanmağa çalışırıq. Fikrimcə, bu, bizdə alınır. Hər iki görüşü qələbə ilə başa vurmağımız çempionat öncəsi komandada əlavə motivasiya yaradır.
- Karyeranızda yeni səhifə açırsınız. Yeni komandanız haqda nə düşünürsünüz?
- “Kəpəz” ölkənin ən köklü və titullu klublarındandı. Komandanın tarixi keçmişi var. Sevindirici haldı ki, klub yenidən elitada mübarizə aparacaq. Əlimizdən gələni edəcəyik ki, komanda çempionatda yenidən uğurlu çıxış etsin.
- Kapitan kimi sizin üzərinizə ikiqat məsuliyyət düşür. Sarığını daşımağa hazırsınızmı?
- Komandanın kapitanı məni seçiblərsə, deməli, etimadı doğrultmalıyam. İşin məsuliyyətini, çətinliyini anlayıram və sarğını şərəflə daşımağa hazıram. Mənə güvəndiyi üçün baş məşqçimizə də minnətdaram.
- Yoxlama oyunlarında sizi tək buraxmayan gəncəli azarkeşlərə sözünüz nədi?
- Azarkeşlərə demək istəyirəm ki, bizi çempionat oyunlarında da dəstəkləsinlər, komandaya inansınlar. Komanda yeni yaranır, fanatların dəstəyinə ehtiyacımız var. İnşallah, qələbərlə “Kəpəz” onları sevindirər.
Fanat.az