Topaz Premyer Liqasının XXX turunda “Xəzər Lənkəran” üzərində (1:0) qələbə qazanan “Zirə” növbəti matçın hazırlığına başlayıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, “Neftçi” ilə qarşılaşma öncəsi heyətlə bağlı ciddi problem yoxdu.
“Xəzər Lənkəran”la oyun öncəsi yolxucu xəstəlik olan qripə tutulan yarımmüdafiəçilər Vüqar Mustafayev və İqor İvanoviçin artıq heç bir problemi qalmayıb. Monteneqrolu futbolçu hətta cənub təmsilçisi ilə görüşdə 45 dəqiqə oynamaq imkanı da qazanmışdı.
Ayağında ağrılar hiss etdiyi üçün ötən turu buraxmaq məcburiyyətində qalan Yovan Krnetanın da durumu ürəkaçandı. Serbiyalı müdafiəçi artıq kollektivlə məşqlərə qoşulub və oynaması üçün heç bir əngəl qalmayıb.
Ancaq eyni sözləri braziliyalı Dieqo Souzaya aid etmək olmur. 28 yaşlı yarımmüdafiəçi komanda ilə hazırlıqlarda iştirak etsə də, hələlik Premyer Liqada meydana çıxmaq iqtidarında deyil. “Sambaçı” fiziki cəhətdən hazır olmasına baxmayaraq, məşqçilər korpusu oyun praktikasından əziyyət çəkən Souzanın əvvəlcə əvəzedici komandada meydana çıxmasını məqsədəuyğun bilir. Bu üzdən futbolçunun “Neftçi” ilə görüşü də buraxacağı dəqiqdi.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu aprelin 23-də keçiriləcək.
Fanat.az