Premyer Liqanın bombardiri Nelson Bonilla "Zirə"ni tərk edə bilər. Fanat.az xəbər verir ki, El Salvador yığmasının üzvünə daha iddialı klublardan sərfəli təkliflər var.
Amma "Zirə" də onu buraxmaq niyyətində deyil. Artıq debütant mərkəzi amerikalı üzvünə yeni müqavilə təklif edib. Yeni anlaşmanın maliyyə şərtləri əvvəlkindən daha sərfəli və cəlbedicidi. Bonilla karyerası ilə bağlı qərarı mövsümün son oyununa qədər verəcək.
Qeyd edək ki, Bonilla "Zirə"yə yayda Rumıniyanın "Viitorul" klubundan transfer edilib. 25 yaşlı hücumçu Premyer Liqada keçirdiyi 24 matçda 2026 dəqiqə oynayıb və 14 qol vurub. Bombardirlər yarışına başçılıq edən mərkəzi amerikalı futbolçu ən yaxın izləyicisi Dani Kintananı 3 qol qabaqlayır.

El Salvador millisində 25 oyun keçirərək 8 qol vuran futbolçu əvvəllər vətənində "Alianza" klubunda çıxış edib. "Transfermarkt" saytı ona 550 min avro (942 min 700 manat) qiymət qoyub.
Fanat.az