“Bu ot örtüyü FİFA-nın təsdiq etdiyi ən yüksək standartlara uyğundur” - Ramazan Səmədov

“Bu ot örtüyü FİFA-nın təsdiq etdiyi ən yüksək standartlara uyğundur” -  Ramazan Səmədov
Bu gün FİFA U-15 dünya çempionatı keçirilməsi nəzərdə tutulan stadionlar mediaya təqdim edilib.
Fanat.Az xəbər verir ki, AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov jurnalistlərə maraqlı olan sualları cavablandırıb.
Onun açıqlaması belə olub:
- Tribunalar nəzərdə tutulub?
- Bizdən tribunalarla bağlı FİFA tərəfindən xüsusi bir tələb yox idi. Amma biz özümüz, öz təşəbbüsümüzlə buradakı hər bir stadionda tribuna quraşdırılması məsələsini qaldırdıq və həmin məsələ bu günlərdə həll olunacaq. Deməli, iki stadionda 100-dən çox insanın oturması üçün şərait yaradılacaq, digər bütün stadionlarda isə 50-yə yaxın izləyicinin otura biləcəyi tribuna olacaq.
- Yəni həmin iki stadionda əsas oyunlar keçiriləcək, elə çıxır?
- Xeyr, sadəcə şərait belə idi və vaxt məhdudiyyətinə görədir. Əslində belə bir tələb yox idi, amma biz öz təşəbbüsümüzlə etdik. Bütün stadionlarda, belə deyək, tribunalar olacaq, 50-dən 100-ə qədər. Bir də açılış və final oyunları "Baku Crystal Hall”da, digər oyunlar isə burada olacaq.
- Hansısa bir arena nəzərdə tutulubmu ki, əsas oyunlar orada keçirilsin?
- Xeyr, xüsusi arena nəzərdə tutulmayıb. Burada bütün stadionlarda eyni şərait yaradılıb, eyni keyfiyyətli ot örtüyü təmin olunub. Ona görə də meydançalar bir-birindən fərqlənmir.
- Bəs bu açılış matçında millimizin ilk oyunu keçirməsi məsələsi dəqiqləşib?
- Mənim sahəm daha çox infrastrukturdur. Sırf oyunların idarə olunması ilə başqa komanda məşğul olur. Bu barədə mətbuat xidmətimiz sizə məlumat verər. Yaxın günlərdə sırf yarışlarla bağlı ayrıca bir tur təşkil edərik.
- Bəs ot örtüyünün keyfiyyətinin yoxlanılması məqsədilə sınaq oyununun keçirilməsi nəzərdə tutulubmu?
- Bu ot örtüyü FİFA-nın təsdiq etdiyi ən yüksək standartlara uyğun ot örtüyüdür. Xalq dilində desək, bundan daha yaxşısı yoxdur.
- Yarışlar bitdikdən sonra bu arena kiməsə təhvil veriləcək?
- Xeyr, bu, AFFA-nın balansında olan yarış kompleksidir və planımız yarışlardan sonra buranı, xüsusilə milli futbolumuzun inkişafı üçün, əsasən də uşaq milli komandalarının məşq bazasına çevirməkdir.
-Ərazidə FİFA nümayəndələri varmı, tikintiyə nəzarət edirlərmi?
- Bəli, ərazidə FİFA nümayəndələri var.
- Azərbaycan futbolunda infrastruktur problemi mövcuddur. Qısa müddətdə ərsəyə gətirilən bazanın taleyi FİFA U-15-dən sonra necə olacaq?
- Uşaq futbolunun inkişafı üçün nəzərdə tutulacaq. Planımız yarışlardan sonra buranı uşaq milli komandalarının məşq bazasına çevirməkdir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər