“Mançester Yunayted”in mərkəz müdafiəçisi Conni Evans karyerasını başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı-şeytanlar" artıq 37 yaşlı müdafiəçi ilə yollarını ayırdıqlarını rəsmən təsdiqləyiblər. Çinin "Honq-Konq" komandası ilə yoldaşlıq görüşü (3:1) onun “Mançester Yunayted”də son oyunu olub.
Evans karyerası ərzində Belçikada “Royal Antverp”, İngiltərədə “Sanderland”, “Vest Bromviç” və “Lester Siti”nin də şərəfini qoruyub. O, 2006-2024-cü illərdə Şimali İrlandiya yığmasında çıxış edib.
Qeyd edək ki, Conni Evans karyerası ərzində 3 İngiltərə Premyer Liqası, 2 İngiltərə Kuboku, 2 İngiltərə Liqa Kuboku, 4 İngiltərə Superkuboku, 1 UEFA Çempionlar Liqası və 1 dəfə FIFA Klublar arası Dünya Çempionatının qalibi olub.