Misli Premyer Liqasında yeni ilə tamamlanmış turnir cədvəli ilə yollanmaq mümkün olmayacaq. İlk turdan təxirə salınan "Sabah" - "Qarabağ" qarşılaşması 18 dekabrda keçiriləcəyindən, bu yöndə problem görünmürdü. Ancaq qatı duman səbəbindən yarımçıq dayandırılan 14-cü turun "Qəbələ" - "Turan Tovuz" oyunu gələn ilə qaldı. Peşəkar Futbol Liqası qarşılaşmanı 2026-ya saxladı. Belə desək, oyunun yarımçıq qalmasını dumanın ayağına bağlamaq lazım gəlirsə, ümumiyyətlə bu il baş tutmamasının məsuliyyəti çempionatı keçirən qurumun boynundadır. Söhbət həm də PFL-in çempionatın əsasnaməsini pozaraq gələcəkdə yarana biləcək bənzər hallar üçün presedent yaratmasından gedir...
Əvvəlcə qurumun “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı son açıqlamasına toxunaq. Bildirilib ki, İdarə Heyətinin iclası keçirilib və hərtərəfli müzakirələr aparılıb. Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün qərara alınıb ki:
- Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçirilsin; - Oyun 2026-cı ildə baş tutsun; - Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsinlər; - 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil edilsin.
Bu boyda həngamə nəyə lazım idi? PFL çempionatın əsasnaməsində göstərildiyi kimi, oyunu ertəsi gün - 9 dekabrda keçirməli idi. Səhərisi problemi yaradan səbəb aradan qalxmışdısa, digər məqamlar əsasnaməni pozmağa əsas kimi qəbul olunmamalıdır. Yayımçının - "CBC Sport"un ertəsi gün baş tutacaq iki matçı bəhanə ggətirib maşınını dərhal Bakıya sürməsi oyunun qaldığı yerdən davam etməsinə mane olmamalı idi. Dəfələrlə olub ki, bu və ya digər səbəbdən hansısa çempionat matçı yayımlanmadan keçirilib. Ümumiyyətlə, əsasnamədə konkret "yayım varsa, oyun var, yayım yoxdursa, oyun yoxdur" tələbi mövcud deyil. Hələ onu demirik ki, "CBC Sport" vəziyyətdən çıxış yolu tapa bilərdi. Necə? Əvvəllər 3-4 dəfə şahidi olduğumuz kimi. Kanal Qəbələdəki çəkiliş maşınını orada saxlayıb Bakıdakı oyunlar üçün "Baku Media Center"dən STS (Səyyar Televiziya Stansiyası) icarəyə götürə bilərdi. Bunun üçün əlavə vəsait (hərçən, bu, elə də böyük məbləğ deyil) xərcləmək lazım gəlirsə belə, telekanal belə forsmajor hallar üçün əlini daşın altına qoymağa hazır olmalıdır.
Həqiqətənmi PFL dekabr ərzində 48-72 saatlıq ara tapıb oyunu təşkil edə bilmir? Axı oyunun təşkili ilə bağlı verilən qərarların hər biri özlüyündə böyük bir sual ehtiva edir. "Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçirilsin" bəndi konkret, əsasnamə ilə bağlı daha bir pozuntudur. Əsasnamənin 10-cu - "Startı mümkün olmayan və başa çatdırılmayan oyun" maddəsində (3.1 bəndi) göstərilib ki, yarımçıq dayandırıllmış oyun yenidən keçirilmir, onların qalan hissəsi oynanılır (dayandırıldığı dəqiqədən etibarən dayandırıldığı yerdən). Baxmayaraq ki, əhəmiyyətli hissə dedikdə matçın üçdəbirindən az bölümü başa düşülür. Həmçinin 24-cü dəqiqəyə kimi hesabın açılmaması nəzərə alınıb. Amma istənilən halda, müvafiq bənddə "əhəmiyyətli hissə" şərti yoxdur. Digər tərəfdən, oyunun 2-3, bəlkə də dha çox fasilədən sonra təşkili tərəflərdən birinin digəri üzərində üstünlüyünü heçə endirir. Məsələn, "Qəbələ" hazırda autsayder mövqeyində, "Turan Tovuz" isə iddialılar cərgəsində yer alır. İndiki məqamda qərb təmsilçisinin bu rəqibi ilə təqvim üzrə görüşməsi ona daha çox sərf edir. Kim zəmanət verə bilər ki, qış fasiləsindən sonra heyətinə əl gəzdirəcək tərəflər arasında indiki qüvvələr balansı dəyişməyəcək? Və ya "Turan Tovuz"un hansısa aparıcı futbolçusu gələn dəfə zədələnə, xəstələnə və bu səbəbdən meydana çıxmaya bilər. Eyni şeyi "Qəbələ" üçün də deyə bilərik.
"24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil edilsin" bəndi də mübahisəlidir. Konkret, "Qəbələ"nin müdafiəçisi Murad Musayev cəza səbəbindən "Turan Tovuz"la oyunu buraxmaq məcburiyyətində idi. Bu səbəbdən futbolçunun adı oyunun protokoluna daxil edilməmişdi. Çox güman, Kaxaber Tsxadadze 15-ci turda qarşılaşacaqları əsas rəqibi - "Kəpəz"lə matça yaxşı hazırlaşması üçün ona istirahət verib, məqşlərdən azad edib. İndi belə anlaşılır ki, Musayev gəncəlilərlə oyunu da buraxmalıdır.
Qeyd etdiyimiz kimi, əsasnamənin ziddinə qərar verilməsi gələcəkdə bu kimi hallar zamanı digər klubların haqlı iradlarına yol açacaq. "Qəbələ" - "Turan Tovuz" oyununu uzun müddətə təxirə salırsansa, mənə də bir ay vaxt ver" deyəcəklər, düz də edəcəklər. PFL ağrımayan başına dəsmal bağlayır. Nə olursa-olsun, yarımçıq dayandırılan oyun ertəsi gün keçirilməli idi.
Sonda Peşəkar Futbol Liqasının iradlarla bağlı mövqeyini öyrənməyə çalışdıq....