Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Qaradağ Lökbatan"ın hazırlıq planında dəyişiklik olub.
Bu barədə Fanat.Az-a komandanın yeni baş məşqçisi Kamal Quliyev məlumat verib.
48 yaşlı çalışdırıcı ləngimənin səbəbini belə açıqlayıb:
"Əvvəlcə iyulun 10-da yığışmağı planlaşdırırdıq. Ancaq heyətin komplektləşməsi ilə bağlı işlərin gedişatı bir neçə gün gözləməyi şərtləndirdi. Bu müddətdə bir neçə futbolçu ilə razılıq əldə etmişik. Bir araya gələnə kimi əlimin altında 10-12 oyunçunun olmasını istəyirəm ki, seleksiya zamanı bəyəndiklərimizi onların ətrafında cəmləyək. Yaxın günlərdə 3-4 futbolçu ilə anlaşacağımız gözlənilir. Seleksiya xarakterli məşqlərə iyulun 21-dən start verməyi düşünürük. Ayın sonuna kimi 3 sınaq matçı keçirmək istəyirəm. Qapımız hər kəsin üzünə açıqdır. Kim özünü sınamaq istəyirsə, buyurub komandamızın məşqlərinə qoşula bilər".
İkinci Liqada yeni mövsümə sentyabrın ortalarında start veriləcəyi gözlənilir.
Mirağa