Ötən axşam Liverpulun mərkəzində eyniadlı futbol klubunun çempionluq paradı zamanı şok hadisə yaşanıb.
Fanat.Az "Right Angle News Network"-a istinadən xəbər verir ki, paradın sonuna yaxın bir nəfər avtomobili “Liverpul” azarkeşlərinin üzərinə sürüb.
Sürücü maşını idarə edərək insanları vurmağa davam edib – onun hərəkətləri açıq-aydın qəsdən olub. Nəhayət, avtomobil dayanıb və 53 yaşlı ağdərili britaniyalı sürücü həbs edilib. Onun hərəkətlərinin motivləri hələlik məlum deyil. Polis hadisəni terror kimi qiymətləndirməyib.
Zərərçəkənlərə kömək etmək üçün hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Xəstəxanaya 4 uşaq olmaqla 27 nəfərin aparıldığı məlumdur. Azarkeşlərdən ölən olmayıb.
Xatırladaq ki, "Liverpul" Premyer Liqanın cari mövsümündə çempion titulunu hələ aprelin sonunda, finişə 4 tur qalmış təmin etmişdi. Klub üçün bu çempionluq son 5 ildə ilk, ümumilikdə isə tarixdə 20-ci olub.