Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyəni Xorvatiya qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin xorvatiyalı sabiq baş məşqçisi Robert Prosineçki türklərə həmyerlilərini necə məğlub etməyin yolunu izah edib.
Vaxtilə "Kayserispor" və "Dənizlispor"u da çalışdıran mütəxəssis Xorvatiya - Türkiyə görüşü barədə "Fanatik"ə belə deyib: "Xorvatiya həmişə Xorvatiyadır. Uzun müddət bir yerdə oynayan, təcrübəli futbolçulardan təşkil olunmuş milli komandadan söhbət gedir. Heyətində zaman-zaman kiçik dəyişikliklər olsa da, həmişə əla oynayırlar. Təbii ki, Türkiyənin yeni baş məşqçisi Vinçentso Montella da Xorvatiyanın necə oyun oynadığını yaxşı bilir. Xorvatiyada topa sahibolmada son dərəcə səbirli yanaşma, ötürmələrin müvəffəqiyyət nisbətinin yüksək olması diqqət çəkir. Hətta çoxsaylı ötürmələrlə rəqibi "yuxuya verir" və yaranan az imkandan belə nəticə əldə edir.
Türklər üçün önəmli olan onların bu ötürmə keyfiyyətini pozmaqda nə qədər təsirli ola bilmələridir. Bəli, Xorvatiyaya qarşı ən asan seçim müdafiədə oynamaq və əks-hücumlar vasitəsilə nəticə axtarmaqdır. Amma onsuz da hamı bunu edir. Türkiyəyə daha güclü taktika lazımdır. Xorvatiyaya qarşı irəlidə dinamik oyunçularla güclü pressinq etmək və topu ələ keçirən kimi hücuma keçmək lazımdır. Cəsarətlə oynamaq və rəqibi səhvə məcbur etmək lazımdır. Məqsəd qələbə qazanmaqdırsa, Montellaya "Adana Dəmirspor"un baş məşqçisi olarkən istifadə etdiyi aqressiv təzyiq taktikasından yararlanmalıdır. Türkiyənin Ştefan Kuntsun dövründə müdafiədəki problemlərini qısa zamanda aradan qaldırmaq asan olmayacaq. Amma türklər sürpriz etməlidirlər. Bununla belə, düşünürəm ki, Xorvatiya qalib gələcək”. Mirağa