Günün transfer xəbərləri: Azmunun "Yuventus", Marselonun "Trabzonspor" variantı

Günün transfer xəbərləri: Azmunun "Yuventus", Marselonun "Trabzonspor" variantı

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"The Daily Mail" nəşri: “Mançester Yunayted” “Brayton”un müdafiəçisi Tarik Lempteyə göz dikib. Ralf Ranqnikin komandası 30 milyon funt-sterlinq ödəməyə hazırdır. "Brayton" isə dəyərli oyunçusu üçün 40 milyon funt sterlinq istəyir.

AS nəşri:  Marselo azad agent olacağı təqdirdə,  "Fluminense", "Botafoqo" və "Palmeyras" kimi klublar onu transfer etməkdə maraqlıdır. “Trabzonspor” da Marselonun menecerləri ilə əlaqə saxlyıb. Braziliyalı futbolçu Türkiyə variantını nəzərdən keçirəcək. 

"Gazzetta dello Sport" nəşri: "Roma" "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka ilə maraqlanır. Joze Mourinyu hələ də futbolçunu istəyir. Yayda transfer üçün təkrar cəhdlər göstəriləcək.

Canluka Di Martsiodan son xəbərlər:

Artur və ya başqa yarımmüdafiəçi klubdan ayrılsa, "Yuventus" Ruben Loftus-Çiki heyətinə cəlb edəcək. Alternativlər Bruno Gimaraeş və Renato Sançesdir. Lakin onlar da yanvar ayı üçün çətin razılaşmalardır.

Hücuma gəlincə, "Yuventus" "Zenit"dən Sərdar Azmun və "Barselona"dan Depay haqqında düşünür. Bununla belə, siyahıdakı yeganə adlar bunlar deyil. Mauro İkardi də nəzərdə tutulub. Lakin keçidin rəsmiləşməsi PSJ və futbolçunun özündən asılıdır. 

“Roma”nın futbolçusu Rikkardo Kalafiori axşam saatlarında Genuyadakı “Kristoforo Kolombo” hava limanına eniş edib. O, "Cenoa" ilə icarə müqaviləsi imzalamamışdan öncə, bu gün səhər tibbi müayinədən keçib.

Bruno Labbadia "Cenoa"da Andrey Şevçenkonun yerinə əsas namizəddir. Bundan əlavə, Nadima Amirinin transferi gözlənilir.

"Monako", "Milan" və "Torino" Pyetro Pelleqrinin transferinə hazırlaşır. 

İdman jurnalisti Sezar Luis Merlo: Paulo Dibala "Yuventus" ilə müddəti 30 iyun 2022-ci ildə başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.

Patrik Berger (Sport1): "Borussiya Dortmund" Andreas Kristensenin keçidi üzərində işləyir. O, bu yay azad agent ola bilər. "Çelsi" ilə müqavilənin uzadılması istisna deyil, lakin mümkünsüz hesab olunur. "Borussiya Dortmund"dan başqa digər böyük klublar da vəziyyəti izləyir. 

Baş tutmuş transfer xəbərləri: 

Serxio Oliveyra (29 yaşlı yarımmüdafiəçi)

"Portu"dan (Portuqaliya) "Roma"ya (İtaliya) transfer olunub.

Müqavilə 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub. "Canavarlar" sonradan 13,5 milyon avro ödəyərək Serxionun transfer hüquqlarına da yiyələnə bilər. Bu mövsüm o, 24 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Dieqo Qodin (35 yaşlı müdafiəçi)

"Kalyari"dən (İtaliya) "Atletiko Mineyro"ya (Braziliya) keçib.

Futbolçu azad agent qismində transfer olunub. Müqavilə 31 dekabr 2022-ci il tarixinədək nəzərdə tutulub. Bu mövsüm “Vilyarreal”, “Atletiko Madrid” və “İnter”in keçmiş futbolçusu 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Junior Alonso (28 yaşlı müdafiəçi)

"Atletiko Mineyro"dan (Braziliya) "Krasnodar"a (Rusiya) transfer olunub

Transfer məbləği 8 milyon avro təşkil edib. Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Sindzi Kaqava (32 yaşlı oyunçu)

PAOK-dan (Yunanıstan) "Sent Trüden"ə (Belçika) keçid edib.

Futbolçu azad agent qismində heyətə qatılıb. Dekabrda o, Yunanıstan klubu ilə müqaviləyə xitam verib. Belçika təmsilçisi "Borussiya Dortmund" və "Mançester Yunayted"in keçmiş oyunçusunun yarımmüdafiəyə yaradıcılıq və soyuqqanlılıq gətirməsini gözləyir.

Fyodor Smolov (31 yaşlı hücumçu)

"Lokomotiv"dən (Rusiya) "Dinamo"ya (Rusiya) transfer olunub.

Transfer məbləği 10 milyon rubl (228000 azn) təşkil edib. Müqavilə 1,5 il nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər