Klublar hər "transfer pəncərəsi"ndə heyətini gücləndirmək yönündə müəyyən addımlar atır, boşluqları doldurmaq üçün yeni oyunçular alır. Bəzən yenilər etimadı doğruldub komandada özünə yer edir, bəzən də uğursuz çıxışla diqqət çəkir. Dünyanın hər yerində olduğu kimi Azərbaycan klublarının da uğursuz transferləri kifayət qədərdi. Fanat.az Premyer Liqa təmsilçilərinin bu yay heyətlərinə böyük ümidlərlə qatdıqları, lakin etimadı doğrultmayan futbolçuları müəyyənləşdirib.
Melvin Platye
"Neftçi"nin "Neymengen" klubundan böyük ümidlərlə transfer etdiyi Melvin Platyenin üzərinə böyük məsuliyyət düşürdü. Çünki holland forvard ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olmuş və oyunu ilə hər kəsin rəğbətini qazanmış Nikolas Kanalesin yerinə transfer olunmuşdu. 24 yaşlı forvard həm çilili həmkarının funksiyasını üzərinə götürməli, həm də klub rəhbərliyini Kanalesi komandada saxlamadığına görə qarşılaşacığı tənqidlərdən qorumalı idi.
Amma Platye üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. Çempionlar Liqasının iki oyununda özünü göstərə bilməyən holland əsas heyətə düşməkdə belə çətinlik çəkdi. Premyer Liqada forma geydiyi 6 oyunda 246 dəqiqə oynamaq imkanı əldə edən Melvin cəmi 1 qol vurub ki, bu da 6-cı turun "İnter"lə oyununa təsadüf edib. Bununla da Platye nəinki Kanalesi unutdura bilməyəcəyini, heç "Neftçi"nin əsas heyətində oynamağa belə layiq olmadığını göstərdi.
Nikolas Gelaşvili
Qurban Qurbanovun bu yay bəyəndiyi bütün legionerlər özlərini yaxşı tərəfdən göstərdilər. Komandanın Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməsində onların da əməyi böyük oldu. Amma Qurbanovun böyük ümidlərlə "Bohum"dan gətirdiyi Nikolas Gelaşvilinin "Qarabağ" macərası effektli alınmadı.
Qurbanovun Avropa Liqası və çempionatın 15 oyununda şans verdiyi Gürcüstan yığmasının forvardı cəmi 2 qola imza atıb ki, onda da "Sumqayıt" və "Xəzər Lənkəran"ın qapısına yol tapıb. Təbii, bu baş məşqçinin bütün tənqidlərə rəğmən, daim heyətdə yer verib oynatdığı hücumçu üçün olduqca aşağı göstəricidi. Gelaşvilinin forma şansı qazandığı dəqiqələri və əldə etdiyi imkanları nəzərə alsaq, o, indiyədək ən azı 7-8 qol vurmalı idi.
Aleksandr İaşvili
Gelaşvili kimi "İnter"dəki həmyerlisi Aleksandr İaşvili də etimadı doğrultmayanlar arasındadı. 1997-ci ildən Almaniyada oynayan və klub karyerası ərzində 159 qol vuran 35 yaşlı forvarda Georgi Tsxadadze qol silahı gözü ilə baxırdı. Qurban bəy kimi həmyerlisinə israrla bütün oyunlarda şans verən gürcü mütəxəssis hələ ki, ondan istədiyini ala bilmir. Avropa Liqasında 4, Premyer Liqada tsə 8 oyunda forma geyən İaşvili cəmi 1 qola imza atıb. O, yeganə qolunu 7-ci turda "Bakı"nın qapısına vurub.
Nikola Qliqorov
Con Toşak Nikola Qliqorovu "Xəzər Lənkəran"a böyük ümidlərlə gətirmişdi. Avropa Liqasının 4 oyununda forma geyinən Makedoniya yığmasının üzvü Premyer Liqanın 8 turundan 5-də meydana çıxaraq 238 dəqiqə oynayıb. Toşakın yığmada işlədiyi dövrdən tanıdığı yarımmüdafiəçi son turda əvəzedici komandanın formasını geyinib ki, bu da çox şeydən xəbər verir.
İdan Vaytsman
İdan Vaytsman "Simurq"un etimad göstərdiyi futbolçulardan idi. Son anda komandanın heyətinə qatılan israilli futbolçu Georgi Çixradzenin etimadını doğrultmadı. İsrailin "Bney Saknin" klubundan gələn 26 yaşlı oyunçu cəmi 1 oyunda forma geyinmək şansı qazanıb. Belə ki, 7-ci turun "Qarabağ"la görüşünün ikinci yarısında meydana çıxan İdan 38 dəqiqə oynaya bilib.
Alberto Noquera
Alberto Noqueranı "Bakı"nın "transfer bombası" kimi təqdim edənlər də var idi. "Atletiko"nun heyətində La Liqada oynamış və İngiltərənin "Blekpul" klubunun şərəfini qorumuş yarımmüdafiəçidən çox şey gözlənilirdi. Lakin Milinko Pantiç böyük ümidlərlə gətirdiyi ispana cəmi 2 oyunda 60 dəqiqə oynamaq şansı verib.
Abdulvahid Afolabi
Yuri Syominin gəlişindən sonra "Qəbələ" transfer çalışmalarına daha diqqətlə yanaşmağa başlayıb və bunun nəticəsidi ki, komandanın yayda aldığı futbolçular hələlik özlərini doğruldur. Amma Rusiyanın "Kuban" klubundan transfer edilən Abdulvahid Afolabi barədə eyni sözləri demək olmaz. Düzdü, onun cəmi 21 yaşı var və prespektivli oyunçu hesab olunur. Lakin nigeriyalı hələlik əsas heyətdə özünə yer edə bilmir və Syomin ona əvəzedici gözü ilə baxır. Baş məşqçinin onu 8 oyunun hamısında sonradan meydana buraxması və cəmi 198 dəqiqə oynatması bunun sübutudu. Üstəlik Abdulvahid hücumçu kimi üzərinə düşən işi görərək qol da vura bilməyib.
Freddi Borq
Vaqif Sadıqov Almaniyanın "Darmştadt" klubundan gələn Freddi Borqdan çox şey gözləyirdi. Lakin isveçli forvard baş məşqçinin etimadını doğrultmadı. Bunun nəticəsidi ki, o, 8 turu arxada qalmış çempionatın cəmi 3 oyununda meydana çıxıb, 74 dəqiqə oynayıb və qol vurmayıb.
Fredrik Holster
Fredrik Holster isə "Rəvan"da ümidləri doğrultmayanlardandı. İsveçin "Sundsvall" klubunda 66 oyun keçirərək 21 qol vuran 25 yaşlı yarımmüdafiəçi ölkəmizdə nə Ramil Əliyevin, nə də Vladislav Qədirovun etimadını doğrulda bildi. "Rəvan"ın əsas heyətində debüt etməyən isveçli artıq əvəzedici komandaya göndərilib.
Qeyd: Yerli və gənc oyunçular üstünlük verən "Sumqayıt"ın əcnəbi futbolçu transfer etmədiyindən bu komandadan heç kimi seçmədik.