Premyer Liqanın universal “əsgərlər”i

Premyer Liqanın universal “əsgərlər”i

Bombardirlik bacarığı olan futbolçular həmişə sevilir. Fərqlənməklə yanaşı, komanda yoldaşlarına assistentlik edənlər isə özündə iki vacib keyfiyyəti cəmləşdirən fiqur sayılır. Belələrinin varlığı oyunlara rəng qatır. Fanat.az-ın hesablamalarına görə, Premyer Liqada bu mənada özünü yaxşı tərəfdən göstərənlər yox deyil.

Bombardir vurmaqla kifayətlənmir

“İnter”ə keçəndən sonra “ayağı açılan” Vaqif Cavadov son turda “Bakı”nın qapısına vurduğu qolla bombardirlər cədvəlində liderliyi ələ keçirdi. Vinger cari mövsüm “bankirlər”in rəqiblərini 11 dəfə oyuna mərkəzdən başlamağa məcbur edibsə, 5 dəfə komanda yoldaşlarının qol vurmasına şərait yaradıb. Maraqlıdı ki, Vaqif hazırlayıcı qismində yalnız Flavinyodan (7) geri qalır. Kaxaber Tsxadadzenin kapitan sarğısını həvalə etdiyi futbolçuyla qürur duymağa haqqı çatır.

Gec gələnə də “bravo” düşür

“Qəbələ”yə gec qoşulan Daniel Subotiç mövsümün əvvəllərində oynamasa da, sonradan sürət yığdı. 10 dəfə qapıların torunu silkələyən legioner 2 ötürməylə diqqət çəkir. Bu göstəriciylə o, yalnız Cavadova aşağıdan yuxarı baxır. Qarşıdakı turlarda həmyerlimizlə ucaboy hücumçunun gərgin mübarizəsinə şahidlik etmək imkanımız olacaq.

Komanda yoldaşını izləyir

Yuri Syomini baş məşqçi postuna gətirməklə iddiasını ortaya qoyan “Qəbələ”nin heyətində Leonardo da Silvanın samballı oyunçu təsiri bağışladığını bilirik. Braziliyalı komanda yoldaşı Subotiçin ən yaxın izləyicisidi. Əslində cənubi amerikalının qol+ötürmə sayı Daniellə eynidi. Sadəcə, “42 nömrə” 7 top vurduğu halda, 5 dəfə qol pası ötürüb.

Sabit oynasaydı…

“Bakı”nın formasında Rauf Əliyevlə yaxşı tandem təşkil edən Əfran İsmayılovun hazırki “futbol ili”ndə səhnəyə çıxacağını gözləmək olardı. Lakin tez-tez zədələnən “Qarabağ”ın yetirməsi çox sayda oyun buraxır və bu durum Əfranın göstəricilərinə təsirsiz ötüşmür. 6 qol sevinci yaşayan hücumameyilli yarımmüdafiəçinin 4 topun vurulmasında da birbaşa rolu var. Sabit oynasaydı, hesabını zənginləşdirərdi.

Beşindən eyni nəticə

“Bakı”dan Cavid Hüseynov (6+3) və Rauf Əliyev (8+1), “Xəzər Lənkəran”dan Mbilla Etame (8+1), “Qarabağ”dan Reynaldo (8+1), “Neftçi”dən Flavinyo (2+7) hərəyə 9 dəfə uğur qazanıb. Mbilla, Rauf və Reynaldonun 8 qol 1 ötürmə ilə yadda qalması da özlüyündə maraqlı haldı.

Qalanları

Əlbəttə mövsümün sonunda kimin ən universal fiqur adını haqq edəcəyini zaman göstərəcək. Hələ ki, qabartmağa layiq göstəriciyə imza atan digər futbolçuların sıralaması isə belədi:

Mindauqas Kalonas (Simurq) - 8 (7+1)

Lorenzo Ebesilyo (Qəbələ) - 8 (5+3)

Çumbinyo - (Qarabağ) 7 (6+1)

Junior Nildo (Xəzər Lənkəran) 7 (6+1)

Viktor İbokoyi (AZAL) 7 (6+1)

Bahodir Nasimov - (Neftçi) 7 (5+2)

Nikolas Gelaşvili (Qarabağ) 7 (5+2)

Sadio Tounkara (Xəzər Lənkəran) 7 (3+4)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər