"Feyenoord"un baş məşqçisi Ronald Koeman bildirib ki, Joze Mourinyo Avropanın ən sevilməyən baş məşqçisidi. "Givemesport" saytı isə bu açıqlamadan yola çıxaraq Premyer Liqanın sevilməyən 5 məşqçisini müəyyənləşdirib:
Arsen Venger (Arsenal)
1996-cı ildən Premyer Liqada çalışan Arsen Venger Aleks Ferqyusonun "Mançester Yunayted"dən gedişindən sonra ən uzun ömürlü məşqçiyə çevirildi. "Arsenal"a 3 Premyer Liqa çempionluğu və 4 Federasiya Kuboku qazandıran fransız mütəxəssis rəqib fanatlar tərəfindən o qədər də sevilmir. İdmançıya yaraşmayan hərəkətləri, uduzduqları oyunlardan sonra hakimləri hədəfə alması onun sevilməməsinə səbəb olan amillərdəndi. Komandanın son 9 mövsümü kuboksuz bitirməsi "Arsenal" azarkeşlərinin də Vengerdən narazı qalmasına səbəb olub. Mövsümün sonunda müqaviləsi bitəcək fransız məşqçinin gələcəyi məlum deyil.
David Moyev (Mançester Yunayted)
Təxminən 9 ay əvvəl "Mançester Yunayited"in başına keçən David Moyes "qırmızı şeytanlar"ı xəyal qırıqlığına uğratdı. Şotland mütəxəssis üçün dünya şöhrətli həmyerlisi Aleks Ferqyusondan sonra bu vəzifəyə gəlmək heç də asan olmadı. Üstəlik fanatlar da tam olaraq onun arxasında dayanmadı. Əksəriyyət mövsümün sonunda Moyesin istefaya göndərilməsini istəsə də, rəhbərlik ona daha bir şans vermək istəyir.
Tim Şervud (Tottenhem)
Andre Villaş-Boaşdan sonra "Tottenhem"in başına keçən Tim Şervudun komandaya yeni nəfəs gətirəcəyi gözlənilirdi. Ancaq onun gözlənildiyi qədər böyük məşqçi olmadığı tezliklə anlaşıldı. İlk turlarda istənilən nəticələri qazansa da, çox keçmədən uğursuzluq başladı. Şervudun "Tottenhem" karyerasının uzun sürməyəcəyi indidən bəllidi. Artıq prezident Daniel Levinin dünya çempionatından sonra Hollandiya millisindən ayrılacaq Luis van Qaalla danışıqlara başladığı deyilir.
Alan Pardev (Nyukasl)
Alan Pardev həmişə hədsiz özündənrazılığı ilə ön plana çıxan bir mütəxəssis olub. İşləri yaxşı getdiyi zamanlarda onun özündənrazılığı normal qarşılansa da, əks durumda vəziyyət pisləşir. Eynən "Nyukasl"ın son dövrlər düşdüyü vəziyyət kimi... Ötən ay "Hall Siti"nin müdafiəçisi David Meylerlə yaşadığı olay onun artıq etibarını itirməsinə bir işarədi. Bu olay səbəbindən İngiltərə Fktbol Federasiyası baş məşqçini 7 oyunluq cəzalandırıb və 70 min avro cərimə edib. Son olaraq "Stok Siti"yə məğlubiyyətdən sonra azarkeşlərin istefaya çağırdığı Pardev yerli medianı və fanatları ittiham edib.
Sam Allardike (Vest Hem)
Çirkin futbol fəlsəfəsi ilə tanınan Sam Allardike "Vest Hem"də də ənənəsinə sadiq qalır. Artıq azarkeşlərin də narazı olduğu mütəxəssis üçün 2013/14 mövsümü yəqin ki, "Upton Park"da son mövsüm olacaq. Allardike eyni zamanda oyun zamanı hakimlərə etirazları və uğursuzluq zamanı səhvi özündən başqa hamıda axtarırdı.
Fanat.az