Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, klublarımızın 370,50 xal toplaması sayəsində Topaz Premyer Liqası 41 pillə irəliləməyə müvəffəq olub. 2013-cü il üçün planetin 125 ən yaxşı liqasının siyahısında Azərbaycan çempionatı 43-cü pillədə qərarlaşıb.
Premyer Liqamız post-sovet məkanı ölkələri arasında yalnız Rusiya, Ukrayna və Moldova çempionatlarından geri qalıb. Azərbaycan birinciliyi Gürcüstan, Estoniya, Latviya, Belarus, Litva, Özbəkistan, Qazaxıstan, Ermənistan və Türkmənistanı geridə qoyub. Qırğızıstan və Tacikistan birincilikləri siyahıdan kənarda qalıb.
Siyahıya ötən ilki kimi İspaniya La Liqası başçılıq edir (1155,00 xal). İngiltərə Premyer Liqası 5-ci pillədən 2-ci yerə yüksəlib (1128,00). 3-cü pillədəki Almaniya Bundesliqası mövqeyini dəyişməyib (1056,00). İlk onluqda həmçinin İtaliya, Braziliya, Argentina, Fransa, Rusiya, Kolumbiya və Rumıniya çempionatları qərarlaşıb. Türkiyə Super Liqası 2 pillə irəliləyərək 13-cü olub.
Fanat.az