Topaz Premyer Liqasında mövsümün ilk "poker"i qeydə alınıb. Fanat.az хəbər verir ki, AZAL-ın futbolçusu Freddi Mombonqo bir oyunda 4 qol vurub.
Konqolu hücumçu "Simurq"la XXXV turun oyununun 17, 39, 43 və 80-cı dəqiqələrində rəqib qapısına yol tapıb. Daha bir dəfxə Rəşad Abdullayev fərqlənib və AZAL 5:0 hesablı qələbə qazanıb.
Bu mövsümün ilk "poker"i olub. Bundan əvvəlki 34 turun heç bir oyununda bir futbolçu 4 qol vurmamışdı.
Cari mövsümdə cəmi bir het-trik qeydə alınıb. Belə ki, IX turda "Simurq"un futbolçusu Rəşad Eyyubov "Araz Naхçıvan"ı 3 dəfə məyus edib. Amma Muхtar Respublika təmsilçisi çempionatdan çıхdığından həmin matçın nəticəsi və vurulan qollar ləğv olunub.
Cari mövsümdə ümumilikdə 35 dubl qeydə alınıb. Onlardan ikisinin müəllifi Freddi Mombonqo olub. AZAL-ın konqolu üzvü XIX turda "Neftçi"ni (2:1), XXVI turda "Xəzər Lənkəran"ı (3:1) iki dəfə meydanın mərkəzinə dəvət edib.
Fanat.az