Topaz Premyer Liqasında XXX tur arxada qaldı. Fanat.az maraqlı məqamları təqdim edir:
"Qarabağ": 7 qələbə
Turnir cədvəlinin lideri "Qarabağ" qələbə seriyasını 7-yə çatdırıb. Ağdam klubu sonuncu dəfə XXIII turda "Simurq"la ev oyununda xal itirmişdi - 0:0. Bundan sonra ardıcıl 7 qələbə qazanan Qurban Qurbanovun komandası artıq 11 oyunda xal itirmir. Sonuncu dəfə XXIX turun fevralın 1-nə təsadüf edən "Xəzər Lənkəran"la oyununda 0:1 hesabı ilə yenilən ağdamlılar bundan sonrakı 11 matçda 10 qələbə qazanıb və 1 heç-heçə edib.
"Qəbələ"nin həsrəti 52 günə çatdı
"Qəbələ" ardıcıl 3 oyundan sonra xal qazanıb. Lakin Yuri Syominin yetirmələri qələbəsiz oyunlar seriyasını daha da artırıb. Bölgə təmsilçisi sonuncu dəfə 52 gün əvvəl - XXII turun fevralın 19-na təsadüf edən AZAL-la səfər matçında 3 xala sevinib - 2:1. Bundan sonra baş tutan 9 oyunda Syominin yetirmələri 5 heç-heçə edib və 4 dəfə məğlub olub.
AZAL 2014-də qələbə görməyib
AZAL 6 oyunluq məğlubiyyət seriyasına son qoyub. "Təyyarəçilər" sonuncu dəfə XXIII turun fevralın 23-də keçirilən "Xəzər Lənkəran"la matçında xal qazanmışdı - 2:2. Bundan sonra baş tutan 6 matçda məğlub olan Bakı klubu dünən "Qəbələ"dən bir xal ala bilib - 0:0.
Məğlubiyyət seriyasına son qoyan AZAL-ın qələbəsiz oyunlar seriyası davam edir. Belə ki, "təyyarəçilər" sonuncu dəfə ötən ilin 20 dekabrında - XX turun oyununda "Neftçi"ni 2:1 hesabı ilə yenib. Bundan sonra baş tutan 12 oyunda komanda 3 heç-heçə edib və 9 dəfə məğlub olub. Bir sözlə AZAL 113 gündü qələbə sevinci yaşamır.
"Sumqayıt" +3, "Rəvan" -5
"Sumqayıt" ardıcıl 3-cü oyunda meydanı xalla tərk edib. XXVIII turda AZAL-ı 2:1 hesabı ilə yenən gənclik şəhəri təmsilçisi ardınca "Rəvan" və "Simurq"la heç-heçə (hər ikisi 1:1) oynayaraq aktivinə 5 xal yaza bilib.
"Rəvan" isə uğursuz seriyanı davam etdirib. "Sarı-qırmızılılar" ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib. Kubokda "Bakı"nı mübarizədən kənarlaşdırıb yarımfinala çıxan Güvənc Kurtarın yetirmələri sonuncu qələbəsini "Xəzər Lənkəran" üzərində qazanıb. Martın 8-də keçirilən XXV turun oyununda 2:1 hesablı qələbə qazanan komanda bundan sonra oynadığı 5 matçda 1 heç-heçə edib və 4 dəfə yenilib.
"İnter" 4-ə çatdı, "Neftçi" 5-də dayandı
"İnter" uğurlu seriyanı davam etdirib. "Neftçi"ni 2:1 hesabı ilə yenən "bankirlər" ardıcıl 4-cü oyunda meydanı 3 xalla tərk edib. Sonuncu dəfə martın 16-da keçirilən "Qarabağ"la oyunda 0:3 hseabı ilə yenilən Kaxaber Tsxadadzenin yetirmələri ardınca "Qəbələ" (4:1), "Rəvan" (3:0), "Simurq" (1:0) və "Neftçi"ni (2:1) yenib.
"Neftçi" isə 5 qələbədən sonra məğlubiyyət üzü görüb. Sonuncu dəfə XXIV turda "Qarabağ"a 1:4 hesabı ilə yenilən "ağ-qaralar" bundan sonra AZAL və "Qəbələ"ni 2:1, "Rəvan", "Xəzər Lənkəran" və "Bakı"nı 1:0 hesabı ilə üstələmişdi.
Fanat.az