"Barselona" transfer bombasını partladıb. Fanat.az xəbər verir ki, Kataloniya klubu Luis Suaresin transferini rəsmən açıqlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Barselona" və "Liverpul" 27 yaşlı futbolçunun transferini razılaşdırıb. Suares gələn həftə Barselonaya yollanaraq 5 illik müqaviləni imzalayacaq. Xəbəri "Liverpul"un rəsmi saytı da təsdiqləyib. İngiltərə klubu bildirib ki, dünya çempionatının İtaliya ilə oyununda Corcio Çiellinini dişlədiyi üçün 4 ay futboldan kənarlaşdırılan futbolçunun transferi məsələsində "Barselona" ilə anlaşma əldə olunub.
Klublar transferin dəyərini açıqlamayıb. İspaniya mətbuatı isə kataloniyalıların bu keçidə görə 75 milyon avrodan keçdiyini iddia edib.
Suares transferi ilə bağlı "Liverpul"un rəsmi saytına açıqlama verib: "İspaniyada yeni bir həyata başlamaq üçün "Liverpul"dan içim acıyaraq ayrılıram. Mən və ailəm bu şəhərə, bu kluba böyük bir segi ilə bağlanmışıq. Ən çox da inanılmaz azarkeşlərimizi sevdim. Mənə hər zaman bir ailə kimi dəstək oldular. Bunu əsla unutmayacam və hər zaman "Liverpul" fanatı olacam. Ümid edirəm ki, hər kəs bu qərarı qəbul etməyimin səbəbini anlayır. "Liverpul" qalmağım üçün hər şeyi etdi, amma həyat yoldaşımın ailəsi İspaniyada yaşayır və ən böyük arzusu onların yanında olmaqdı".
Qeyd edək ki, karyerası ərzində Uruqvayın "Nasional", Hollandiyanın "Qroningen" və "Ayaks" klublarında çıxış etmiş Suares 2011-ci ildən "Liverpul"da çıxış edirdi. Ötən mövsüm o, oynadığı 37 rəsmi oyunda 31 qola imza ataraq karyerasının ən parlaq dövrünü yaşayıb.
Fanat.az