"Mançester Siti" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Pep Qvardiolanın başçılıq etdiyi komanda "Everton"dan Con Stonesi heyətinə qatıb.
İngiltərə millisinin 22 yaşlı müdafiəçisi 6 illik müqaviləyə imza atıb. "Mançester Siti" artıq onun adını Çempionlar Liqasının "pley-off" mərhələsi üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsinə salıb.
Nə "Mançester Siti", nə də "Everton" hələlik transfer məbləğini açıqlamayıb. İddiaya görə, Stonesin transferi üçün "şəhərlilər" 55,6 milyon avro (98,6 milyon manat) ödəyib. "Mançester Siti" Çempionlar Liqasını qazanacağı halda bu məbləğ 58,5 milyon avroya (103,9 milyon manat) çatacaq.

Qeyd edək ki, "Everton" Con Stonesi 2013-cü ildə "Barnsli"dən 3,5 milyon avroya almışdı. Hazırda "Transfermarkt" ona 28 milyon avro qiymət qoyub. 22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm 41 rəsmi oyuna çıxıb.
Onu da qeyd edək ki, "Mançester Siti" bundan əvvəl İlkay Gündoğan, Nolito, Aleksandar Jinçenko, Aaron Mooy, Leroy Sane, Qabriel Xesus və Marlos Morenonu transfer edib.
Fanat.Az