"Real" əsrin transferi adlandırılan Qaret Beyli rəsmən ictimaiyyətə təqdim edib. Fanat.az xəbər verir ki, "Santiaqo Bernabeu" stadionunda düzənlənən imzalama mərasimində minlərlə azarkeş iştirak edib.
Oyunçunun hələ forması satışa çıxmadığından fanatlar arenaya Beylin "Tottenhem" forması ilə gəlib. Mərasimdə çıxış edən "Real"ın prezidenti Florentino Perez bunları deyib: "Bu stadion çox böyük matçlara şahidlik etdi. 111 illik möhtəşəm tariximiz var. Burda "Real"ın əfsanəsi doğuldu. Bu komandada oynayan futbolçular hər zaman dəyərlərmizə hörmətlə yanaşıb. Bu səbəbdən azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Bu gün yeni transferimiz Qaret Beyli sizlərə təqdim etmək üçün bura toplaşmışıq. O, ötən mövsüm Premyer Liqanın ən yaxşı futbolçusu seçildi. Daha əvvəl də ən yaxşı futbolçu mükafatlarını almışdı. İndi onun xəyallarından biri gerçəkləşəcək və "Real" formasını geyinəcək".
Beyl isə çıxışında uşaqlıqdan "Real" azarkeşi olduğunu bildirib: "Burda olmaq möhtəşəm bir hissdi. Xəyallarım gerçək oldu. İnanıram ki, bu mövsüm 10-cu Çempionlar Liqasını qazanacağıq. Burda olmaq, "Real"ın formasını geyinmək məni xoşbəxt etdi".
Qeyd edək ki, "Real" Beyllə 6 illik müqavilə imzalayıb. Uelsli ulduz "Kral Klubu"nda 11 nömrəli formanı geyinəcək.
Fanat.az