Futbolun İnkişaf Fondu "Turan Tovuz"un ardından daha bir klubda "100k" layihəsinin icrasına başlayıb.
Fanat.Az xəbər verir ki, fond “Kəpəz” klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Kəpəz 100k” layihəsini ərsəyə gətirib.
Layihə Gəncə klubu üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır.
Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 manat təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
Azarkeşlər ölkənin ən titiullu klublarında olan “Kəpəz”ə dəstək məqsədilə ianə edərkən əldə etdiyi piksellərə öz şəklini yerləşdirə bilər. İanəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.