Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Fanatik" nəşri: “Trabzonspor” “Vest Hem”in futbolçusu Andrey Yarmolenkonu hədəfinə alıb. Super Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçini mövsüm başa çatmamış sıradan çıxan Gervinyonun mövqeyinə almaq istəyir.
"Roma"nın idman direktoru Tiaqo Pinto klubun Dioqo Dalot və Denis Zakaria ilə maraqlanması haqda: "Məqsədlərimiz haqqında açıq danışmaq fikrində deyiləm. Yanvarda Joze Mourinyu ilə birlikdə komandanı təkmilləşdirməyin doğru yolunu tapacağıq".
"AS" nəşri: "Liverpul" "Porto"nun futbolçusu Luis Diazla maraqlanır. Təzminat - 80 milyon avro.
"La Gazzetta dello Sport": "Napoli" Viktor Osimyenlə müqaviləni yeniləmək fikrindədir. 22 yaşlı futbolçunun hazırkı müqaviləsi 2025-ci ildə başa çatacaq, lakin o, bir sıra Avropa klublarının diqqətini cəlb edib. "Napoli" yeni ildə potensial rəqiblərini dəf etmək üçün Osimyen ilə uzunmüddətli sözləşmə bağlamağı planlaşdırır.
"TEAMtalk" portalı: "Çelsi" yanvarda Orelyen Çuameni üçün rəsmi təklif hazırlamağa çalışacaq. Onların planı Çuameninin mövsümün sonuna qədər icarə əsasında "Monako"da qalmasıdır.
"Todofichajes" nəşri: Alleqri Asensionu "Yuventus"da görmək istəyir. "Real Madrid" təklifləri nəzərdən keçirməyə hazırdır.
Emin Şəmsiyev