İspaniya nəhəngi "Barselona" ardıcıl uğursuz nəticələrə imza ataraq hamını təəcübləndirdi. Mövsümə yaxşı başlayıb uzun müddət zirvəni əldən verməyən Kataloniya klubu son həftələrdə özünə bənzəmir. Əvvəlcə səfərdə "Real Sosyedad"a, ardınca isə "Valyadolid"ə yenilən "Barsa" indi turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bir-birini təqib edən məğlubiyyətlərə başqa bir xoşagəliməz hallar da qarışdı. Belə ki, komandanın ulduzu Lionel Messi ötən həftə keçirilən Rumıniya - Argentina matçında qusması, azarkeşlərin komandanın oyununa maraq göstərməməsi və qapıçı Viktor Valdesin internet vasitəsi ilə mətbuat konfransına qatılması və s. Bütün bunlar İspaniya mediasının "Barselona"da xaos var" iddiası ilə çıxış etməsinə səbəb olub.
Böyük itki
"Barselona" uzun zamandı bu qədər çox xal itirmirdi. Kataloniya klubu La Liqadakı son 9 matçından sadəcə 4-də qələbə qazana bilib. 3 matçda yenilən komanda 2 oyundan sülhlə ayrılıb. "Barsa" bu müddətdə qazanılması mümkün olan 27 xaldan sadəcə 14-nü aktivinə yazıb və düz 13 xal itirib.
Azarkeş üz döndərir
Dünya futbolunun son illərdəki ən yaxşı klub komandası olaraq dəyərləndirilən "Barselona" əfsanəsi yavaş-yavaş sona çatır. Böyük komandanın uğursuz çıxışı və baxımsız oyunu azarkeş sayına da böyük ölçüdə təsir edib. Artıq "Nou Kamp" stadionu uzun müddətdi dolmur, oyunlar yarıya qədər dolu arenada keçirilir.
"YouTube"dən mətbuat konfransı
"Barselona"nın "Valyadolid"ə səfərdəki məğlubiyyəti qədər, 0:1 hesablı yenilgidə qapını qoruyan Viktor Valdesin hərəkəti də gecəyə damğa vurdu. Matçdan sonra mətbuat konfransına qatılmayan qolkiper bəlkə də futbol tarixində bir ilkə imza atdı. Özü üçün mətbuat konfransı təşkil edən Valdes çəkdiyi görüntüləri "YouTube" vasitəsi ilə yayımlayıb.
Fanat.az