Almaniyanın Manheym şəhərində 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin elit raundunun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, meydan sahibləriylə yanaşı Slovakiya, İrlandiya və Çexiyanın da mübarizə apardığı 2-ci qrupun oyunlarını idarə edəcək hakimlərin arasında həmyerlilərimiz də yer alır.
Gənc FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası açılış oyununda söz sahibi olub. Almaniyalı gənclərin slovakiyalı həmyaşıdlarıyla qarşılaşdığı oyun 1:1 hesabıyla yekunlaşıb. 19-cu dəqiqədə fərqlənən almanlar uzun müddət hesabda öndə olsalar da, slovakiyalılar 90+3-cü dəqiqədə cavab qolunu vurmağı bacarıblar. Bununla da Slovakiya vacib qarşılaşmadan 1 xalla ayrılmaqla qrupdan çıxma şanslarını xeyli artırıb. Sarı vərəqə çıxarmaq üçün 5 dəfə əlini cibinə atan Ağayev meydan sahiblərinin iki, qonaqların isə üç futbolçusunu cəzalandırıb.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla belçikalı Tibaud Niyssen yadım edib. Matçın dördüncü hakimi isə Conatan Lardot (Belçika) olub.
Fanat.az