Futbol matçlarında mavi vərəqə tətbiqi nəzərdən keçirilir.
Fanat.Az xəbər verir ki, taktiki fola yol vermiş futbolçular bu vərəqəni alaraq on dəqiqə meydandan kənarda qalacaq.
Futbol adamları tərəfindən birmənalı qarşılanmayan yeni dəyişikliyə türkiyəli veteran futbolçu Məsut Özil zarafatyana reaksiya verib. O, bu barədə "X" hesabında belə paylaşım edib: "Yəni, "Atletiko Madrid" cəmi altı oyunçu ilə oynayacaq?"
"Real"ın keçmiş oyunçusu (2010 - 2013) Madrid derbisindəki rəqibini yaxşı tanıyır. Dieqo Simeonenin komandası möhkəm müdafiə və aqressiv, həmçinin, taktiki cəhətdən ağıllı oyunu ilə seçilir.
Xatırladaq ki, mavi vərəqə taktiki qayda pozuntusuna yol verildikdə və ya oyunçu hakimlə mübahisə etdikdə veriləcək. IFAB-a görə mavi kart perspektivli hücumların dayandırılmasının sayını məhdudlaşdıracaq. Bu təcrübə aşağı Uels liqalarında sınaqdan keçirilib və uğurlu nəticələnib.