“AZAL-a futbol oynamağa gəlmişəm. Kimsə ehtiyatda qaldığı halda, maaş alması ilə razılaşa bilər. Mən belələrindən deyiləm. Bu kluba keçəndə yalnız müntəzəm oynamağı fikirləşmişəm”.
Bu sözləri Fanat.az-a açıqlamasında “təyyarəçilər”in yarımmüdafiəçisi Rəşad Abdullayev deyib. Vaqif Sadıqovun az güvəndiyi təcrübəli futbolçu durumdan razı qalmadığını və gözlədiyini bildirib: “Əsas heyətdə cəmi 2 dəfə yer almışam. Formada olmasam, oyunumun alınmadığını bilsəm, heç nə danışmaram. Amma belə deyil. İndiki durumda mənə gözləmək qalır. Etiraf edim ki, istədiyim aqibətlə üzləşməmişəm”.
Abdullayev baş məşqçi Vaqif Sadıqovla münasibətlərin pozulmadığını da dilə gətirib: “Baş məşqçi ilə münasibətlərimiz qaydasındadı. İnsan kimi aramızda heç bir problem yoxdu. O, tanıdığım mütəxəssisdi. Belə götürəndə tanıdığım bir mütəxəssisin komandasındayam. Ancaq bu da var ki, indiyədək çıxış etdiyim komandalardakı legioner çalışdırıcılar da həmişə mənə güvənib. Özümü 90 dəqiqə mübarizəyə hazır sayıram”.
Fanat.az