"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi
- Kamran Ağayev xeyli müddətdi “Xəzər Lənkəran”dan ayrılsa da, sizinlə “soyuq” müharibəsi hələ də davam edir. Ən azından kənardan bu cür görünür...
- Kamran məni harda görür, özü qaçır görüşür, sonra da deyir ki, guya mən onunla görüşmüşəm. “Xəzər Lənkəran”dan qabaq Kamranı heç kim tanımırdı və tanıya da bilməzdi. Necə ki, bir çox futbolçunu “Xəzər Lənkəran” gündəmə gətirib, tanıdıb. Həm də maddi baxımdan yaxşı qazanıblar. Təbii ki, Kamran da “Xəzər Lənkəran”ın uğurlarına töhfə verib. İndi cavandı da, danışır özü üçün. Hər halda “Bakı”dan qovulması da az şeydən xəbər vermir. Orda da Tuyqn Nadirov yox idi ki. Bilirsiniz necədi, insanın səhvi olanda ilk növbədə onu özündə görməlidi, başqasında axtarmamlıdı. Klubumun marağını güdməyə qalsa, onu 6 ay yox, 2 il futbolsuz qoyardım. Bunu açıq deyirəm. “Xəzər Lənkəran”da heç nə klubun marağından üstün tutula bilməz. Hansısa futbolçunun komandaya 1 faiz zərəri dəyirsə, onun haqda ölçü götürülür. Əgər bundan da nəticə çıxarmırsa, komandadan xaric olunur.
- Con Toşakın gedişi də bu günə kimi çoxlarına qaranlıq qalıb. Hətta “Makkabi”yə 0:8 hesablı məğlubiyyətdən sonra postunda qalmağı üstün tutan məşqçi sonradan niyə birdən-birə getməyə qərar verdi?
- Əslində Toşak avrokuboklardakı uğursuzluqdan sonra getmək istədi. Lakin klubumuzun prezidenti buna imkan vermədi. Hər halda, ona daha bir şans verildi. Həm də düşünürəm ki, Superkubok matçı öncəsi bu, düzgün qərar idi. Çünki həmin oyun bizim üçün çox prinsipial idi. Bildiyiniz kimi, həmin kuboku da biz qazandıq. Lakin sonrakı oyunlarda qeydə alınan ardıcıl uğursuzluqlardan sonra baş məşqçi özü ərizə yazdı ki, mənim qarşıma böyük hədəflər qoyulub və mən həmin hədəflərə çata bilməyəcəm, yaxşısı budu, icazə verin gedin.
- “Qarabağ”la oyun öncəsi baş məşqçiniz Mustafa Dənizlinin səhhətində problem yaranması, ardınca Türkiyəyə yola düşməsi müzakirələrə yol açdı. Bu məsələyə də aydınlıq gətirsəniz yaxşı olar.
- Bilirsiniz ki, son günlər ölkəmizdə soyuq, qarlı hava hökm sürür. Buna görə də biz də məcbur olub qarlı havada məşq edirdik. Məhz bu səbəbdən də baş məşqçimizin təzyiqi bir az düşdü, özünü narahat hiss elədi. İndi şükür Allaha vəziyyəti yaxşıdı, xəstəxananı da tərk edib. Türkiyəyə də sadəcə, təkrar müayinə üçün gedib və tezliklə geri qayıdıb komandanın başına keçəcək.
- Sizcə, Mustafa Dənizlinin gəlişindən sonra nə dəyişib?
- Mustada Dənizlinin digər məşqçilərdən ən böyük fərqi o oldu ki, gələndə öz dəstəsi ilə gəldi. Dəstə deyəndə mən, Oğuz Çətini nəzərdə tuturam. Hansı ki, ikinci məşqçi olaraq, Türkiyədə ən titullu sayılır, öz işinin peşəkarıdı.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu yaxınlarda verdiyi açıqlamasında bahalı legioner gətirən klubların da “bostanına” daş atıb. Onun açıqlamasnda münasibətiniz necədi?
- Bu məsələyə böyük şərh vermək istəmirəm, amma son 10 ildə Azərbaycanda ən səviyyəli legionerləri “Xəzər Lənkəran” transfer edib. Bu gün həmin “Neftçi”nin heyətində çıxış edən bəzi futbolçular var hansı ki, onları “Xəzər Lənkəran” kəşf edib, sonra bizimlə müqaviləsi bitib və “Neftçi”yə keçib.
"Futbol saatı"