Ulduz futbolçu Kriştianu Ronaldunu (Cristiano Ronaldo) satmağa hazırlaşan "Yuventus" komandaya yeni hücumçular cəlb etməyi düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Alfredo Pedulla "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Turin təmsilçisi 36 yaşlı futbolçunun satışından əldə edəcəyi gəlir ilə heyətə iki hücumçu almağı planlaşdırır.
Onlardan biri "İnter"in sabiq hücumçusu, hazırda PSJ-də çıxış edən Mauro İkardi (Mauro Icardi) ola bilər. Kilian Mbappenin "Real Madrid"ə keçidi alınmasa və PSJ-də qalsa, İkardi Paris klubundan ayrılacaq.
Digər variant - "Mançester Siti"nin futbolçusu Qabriel Jezusdur (Gabriel Jesus). Ancaq A Seriyası təmsilçisi qarşı tərəf ilə hələ ki, danışıqlara başlamayıb, sadəcə olaraq 24 yaşlı hücumçuya marağını açıqlayıb.
Siyahıda "Arsenal"ın hücumçuları Pyer-Emerik Obameyanq (Pierre-Emerick Aubameyang) və Aleksandr Lyakazett (Alexandre Lacazette), eləcə də "Everton"da icarədən yeni qayıdan PSJ-nin italyan futbolçusu Moyze Kin də (Moyse Kin) var.
Qeyd edək ki, portuqaliyalı jurnalist Qonsalu Mendeş Kriştianu Ronaldonun "Mançester Siti"yə keçəcəyini yazıb.
Röya