Ramil Əliyevi istefaya göndərib Vladislav Qədirovu baş məşqçi postuna gətirən “Rəvan” transfer çalışmalarına başlayıb. Fanat.az xəbər verir ki, Bakı klubu baxışa iki futbolçu çağırıb.
Belə ki, Qədirov hazırda braziliyalı yarımmüdafiəçi Nelson Juninyonu və sloveniyalı müdafiəçi Miloş Brezinskini sınayır. Onlarla bağlı qərar yaxın günlərdə veriləcək. Baxışa gəlməsi gözlənilən daha bir futbolçu isə isveçli hücumameyilli yarımmüdafiəçi Fredrik Holsterdi.
Qeyd edək ki, tam adı Nelson Aureliano da Silva Junior olan braziliyalı futbolçunun 29 yaşı var. Onun son iş yeri Braziliyanın aşağı liqa təmsilçisi “Ça Qrande” olub.
29 yaşlı Brezinski son olaraq Presov “Tatran”ının formasını geyinib. O, bu komandada 8 oyuna çıxaraq 596 dəqiqə oynayıb. Miloş karyerası ərzində Slovakiyanın “Rimavska”, “Mlada”, Çexiyanın “Slovan”, “Kladno”, MSK, “Sparta”, “Viktoriya”, “Çeske”, Rumıniyanın “Timişoara” və Qazaxıstanın “Akjayik” klublarında top qovub.
25 yaşlı Holsterin isə son iş yeri “Sundsvall” olub. O, 2010-cu ildən çıxış etdiyi klubda 66 oyun keçirib və 21 qol vurub. Futbolçu əvvəllər İsveçin “Niköpinqs”, “Hacken”, “Vasbi” klublarında çıxış edib.