İspaniya La Liqasında 29-cu turunda "El Klasiko" baş tutub.
Fanat.Az xəbər verir ki, "Barselona" səfər meydanında "Real Madrid"i 4:0 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında qalib komandanın baş məşqçisi Xavi qələbəni şərh edib:
“Mən “Barselona”nın baş məşqçisi və azarkeşiyəm. Biz bu nəticədən həzz almalıyıq. Futbolçulardan və nəticədən çox razıyam. Əla oyun keçirdik. Daha çox qol vura bilərdik. Mən futbolçularımla fəxr edirəm. Bu oyun “Barselona”nın 2009-cu ildə “Real Madrid” üzərində 6:2 hesablı qələbəsinə bənzədi.
Mənə alqış lazım deyil. Bu, “Barselona”nın futbolçularına lazımdır. Bu qələbə futbolçuların, bütün komandanın, ailənin qələbəsidir. Mən “Barselona”nın uğur qazanması üçün buradayam. Biz “Real Madrid”ə qarşı necə oynayacağımızı, necə hücum edəcəyimizi bilirdik. Rəqib yalnız son 20 dəqiqədə təşəbbüsü ələ ala bildi. Bu da normaldır. Çünki o vaxt biz artıq 4 top fərqi ilə irəlidə idik”.