İngiltərə futbolunun əfsanəsi Devid Bekhem maraqlı etiraf edib. Fanat.Az xəbər verir ki, veteran futbolçu "Mançester Yunayted"dən "Real"a keçdiyi müddətdə baş verənlərlə bağlı ilk dəfə danışıb.
Bekhem bildirib ki, 2003-cü ildə "Real"a transfer olunmadan əvvəl "Mançester Yunayted" "Barselona" ilə anlaşma əldə edibmiş: "O vaxt baş verənlər məni yaralamışdı və çox əsəbi idim. Mövsüm ərzində bəzi matçlarda oynadılmamışdım və bunun məni komandadan ayrılmağa məcbur etmək üçün edildiyini düşünməmişdim. Amma satılacağımla bağlı bəzi dedi-qodular var idi. Viktoriya ilə Amerikada istirahətdə olarkən dostlarımdan biri zəng etdi və "Sky Sports"un "Mançester Yunayted"in məni "Barselona"ya satdığını açıqladığını bildirdi. "Bu doğru ola bilməz" dedim, çünki heç nədən xəbərim yox idi.
Tez Londona gedib Peter Kenyon və menecerimizlə danışmağa çalışdım. Görüş təklifimi qəbul etmədilər, "xəbər doğrudu, anlaşma əldə olunub" dedilər. Bundan sonra mən də menecerimlə görüşərək "Komandadan ayrılacağmsa, "Real"a gedəcəm" dedim. Bir gün ərzində "Real"ın prezidenti ilə masaya oturduq və müqaviləni razılaşdırdıq".
Həmin illərdə baş məşqçi Aleks Ferqyussonla münasibətləri gərgin olan Bekhem buna baxmayaraq, komandadan getmək niyyətində olmadığını bildirib: "Getdikdən sonra 3 il "Mançester Yunayted"i izləmədim. Mən klubdan ayrılmaq istəmirdim. Bu hadisə məni şoka salmışdı, mənəvi cəhətdən sınmışdım".
Qeyd edək ki, Bekhem 6 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqasının qalibi olduğu "Mançester Yunayted"dən 2003-cü ildə 37,5 milyon avroya "Real"a keçmişdi.
Fanat.Az