Bu gün axşam Çempionlar Liqasının final oyununda İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klubları qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, dünyanın məşhur bukmeker kontorları cüzi fərqlə də olsa "Real"ı favorit görür. "Kral Klubu"nun qələbəsi 2.6, məğlubiyyəti 2.8 əmsalla qiymətləndirilir.
Tarixində 10 dəfə Çempionlar Liqasını qazanan Madrid təmsilçisinin oyunçularının bazar qiyməti təxminən 764 milyon 800 min, 2 dəfə bu kuboka sahib olan “Yuventus”un isə 447 milyon 200 min avro dəyərində qiymətləndirilir.
Kardifdə keçirilən oyunda nominal ev sahibi olacaq "Yuventus"un heyətində ən bahalı futbolçu Qonzalo Hiquayndir - 75 milyon avro. "Real"da isə Kriştiano Ronaldo - 100 milyon avro.
Dünyada və Azərbaycanda böyük maraqla gözlənilən qarşılaşmanı Almaniyadan olan hakim Feliks Briç idarə edəcək.
F. Briç indiyə kimi "Yuventus"un 3 oyununu idarə edib. Bu matçların 2-də qələbə qazanan "Qoca sinyora”, bir oyunda məğlub olub.
Alman hakimin idarəçiliyi altında 6 oyun keçirən "Real" məğlub olmayıb: 4 qələbə, 2 bərabərlik.
Qeyd edək ki, bu klublar ümumilikdə 19 dəfə qarşılaşıb. İtaliya klubu bu matçlardan 9-unda, İspaniya təmsilçisi isə 8 qarşılaşmada qalib gəlib.
Fanat.Az