Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi reallaşıb. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 4 komanda finala gedən yolda rəqibini tanıyıb.
Turnirin 9 qat qalibi olan "Real" son çempion "Bavariya"nın öhdəsindən gəlməyə çalışacaq. “Atletiko” isə “Çelsi” ilə qarşılaşacaq. Madridlilərin London təmsilçisindən icarəyə götürdüyü əsas qapıçısı Tibaut Kourtois anlaşmaya uyğun olaraq, məxsus olduğu kluba qarşı oynaya bilməyəcək. Hər iki cütdə ilk matç Madriddə baş tutacaq.
Püşkatmada finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq qarşılaşmada “Real” - “Bavariya” cütünün qalibi ev sahibi sayılacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 22-23-də və 29-30-da keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal
Real (İspaniya) - Bavariya (Almaniya)
Atletiko (İspaniya) - Çelsi (İngiltərə)
Fanat.az