"Bavariya" iki transferi rəsmişləşdirib. Fanat.az xəbər verir ki, bu barədə Almaniya çempionunun rəsmi saytı məlumat yayıb.
Transfer pəncərəsinin açılmasını gözləməyən "Bavariya" Dortmund "Borussiya"sından Mats Hummelslə “Benfika”dan Renato Sançesi heyətinə qatıb. Hər iki futbolçu ilə 2021-ci ilin 30 iyununadək anlaşma imzalanıb.
Qeyd edək ki, Mats Hummels "Bavariya"nın yetirməsiidi. 2007-2009-cu illərdə Münhen klubunun əsas heyətində çıxış edən futbolçu 2007/08 mövsümündə "Borussiya"ya icarəyə verilib, 2009-cu ildə isə 4,2 milyon avroya bu kluba transfer olunub. Hazırda "Transfermarkt" saytı ona 32 milyon avro qiymət qoyub. "Bavariya" Hummelsin transferi qiymətini açıqlamayıb. 27 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə 48 rəsmi oyuna çıxıb və 3 qol vurub.

Renato Sançes "Benfika"nın yetirməsidi və 2015/06 mövsümünün əvvəlində əsas heyətə yüksəlib. "Transfermarkt"ın 10 milyon avro qiymət qoyduğu futbolçu üçün "Bavariya" qarşı tərəfə 35 milyon avro ödəyib. 18 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Benfika"nın heyətində 34 rəsmi oyun keçirərək 2 dəfə fərqlənib.

Fanat.az