İspaniya La Liqasının XXIV turunda "Selta"nı qəbul edən "Barselona" rəqibini 6:1 hesabı ilə darmadağın yola salıb. Fanat.az xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində Kataloniya təmsilçisinin ulduz futbolçusu Leonel Messi diqqət mərkəzinə düşüb.
Belə ki, hakimin təyin etdiyi penalti zamanı topun başına keçən argentinalı onu qapıya göndərmək əvəzinə, Suaresə ötürmə edərək komanda yoldaşının fərqlənməsinə nail olub. Ancaq, sən demə, ötürmədən Suares yox, Neymar fərqlənməli imiş. Bunu açıqlamasında "sambaçı"nın özü deyib:
"Penaltini bu cür yerinə yetirmək ev tapşırığı idi. Bunu məşqlərdə sınaqdan keçirmişdik. Əslində, Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi. (gülür). Sadəcə, mənim kimi, Luis də həmin mövqedə idi və o, məni qabaqladı”.
Qeyd edək ki, Luis Suares sözügedən qarşılaşmada "het-trik"lə yadda qaldı.
Fanat.az