İspaniya Superkubokunun sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kral Kuboku"nun qalibi "Atletiko" son çempion "Real"la ikinci matça çıxıb.
Komandalar arasında "Santyaqo Bernabeu"da keçirilən oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə isə "Atletiko" qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 2-ci dəqiqədə Mario Mandzukiç imza atıb. 90+1-ci dəqiqədə "Real"dan Luka Modriç qırmızı vərəqə alıb.
İlk dəfə 1985-ci ildə Superkuboka sahib çıxan "Atletiko" 29 ildən sonra bu uğura sevinib. "Real" isə 14 dəfə oynadığı Superkuboku 9 dəfə qazanıb.
Qeyd edək ki, "Real" və "Atletiko" 2013/14 mövsümündə Çempionlar Liqasının finalında qarşılaşıb. Həmin oyunda "Kral Klubu" 4:1 hesablı qələbə qazanıb. "Real" avqustun 12-də "Atletiko"nu UEFA Superkubokunda da yenib - 2:0.
Fanat.az