PSJ növbəti transferini edib. Fanat.Az xəbər verir ki, Paris klubu Lassana Diarranı heyətinə qatıb.
Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə” klubu ilə yollarını ayıran 33 yaşlı yarımmüdafiəçi PSJ-yə azad agent kimi keçib. Bu gün tibbi müayinədən uğurla keçən fransalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq. Rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir.
Qeyd edək ki, Lassana Diarra karyerasına Fransanın "Le Havr" klubunda başlayıb. 2005-ci ildə 4,5 milyon avroya "Çelsi"yə, 2007-ci ildə 2,9 milyon avroya "Arsenal"a, 2008-ci ildə 7 milyon avroya "Portsmut"a keçib. "Real" yarımmüdafiəçini 2009-cu ildə 20 milyon avroya alıb, 3 ilsonra "Anji"yə 5 milyon avroya satıb. O, 2013-cü ildə Moskva "Lokomotiv"inə 12 milyon avroya transfer olunub. Diarra sonrakı illərdə "Marsel" və "Əl-Cəzirə"nin formasını geyinib, Fransa millisində 34 oyun keçirib.
33 yaşlı futbolçu karyerası ərzində Fransa çempionluğunu, Liqa Kubokunu, İngiltərə Federasiya Kubokunu, İspaniya çempionluğunu, "Kral Kuboku"nu, Super Kubokunu qazanıb.
Fanat.Az