“Danışıqlar çoxdan aparılır. "Bursaspor”a getmək Prosineçkinin də ürəyincədi". Fanat.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib.
"Bursa Hakimiyet"ə danışan Çalışır yığmamızın 48 yaşlı baş məşqçisinin Şimali İrlandiya ilə oyundan sonra Türkiyə klubunun prezidenti Ali Ayla görüşəcəyini vurğulayıb: “Görüş ya İstanbul, ya da Bursada baş tutacaq. Hələ harda olacağı dəqiqləşməyib. Biz “Konyaspor”dan da təklif almışdıq. Ancaq geri çevirdik. Müştərim məhz "Bursaspor"u çalışdırmaq istədiyi üçün konyalılara "yox" dedik. Düz 6 aydı Bursa klubu haqda məlumat toplayır, yerli mətbuatda yazılanları Robertə tərcümə edirik. O, iddialı mütəxəssisdi. İmzalayacağı müqaviləyə çempionluq mükafatıyla bağlı bənd salınmasını istəyib. Güclü heyət qurmaq fikrindədi. Rəhbərlikdən 8-10 yeni futbolçu gətirməkdə maraqlıdı. O, hücum futbolu oynatmaqda qərarlıdı və heyət futbol fəlsəfəsinə uyğun qurulmalıdı. Əlindəki siyahı genişdi. Əlbəttə ki, transfer məsələsində rəhbərliyin də mənafeyi nəzərə alınacaq. "Bursaspor"la 2+1 illik sözləşmə planlaşdırılıb”.
Vasitəçi "timsahlar"ın heyətindən kənarlaşdırılan forvardı - millimizin "milliləşdirilmiş" hücumçusu Dəniz Yılmazla bağlı bir neçə cümlə söyləməyi də unutmayıb: "Prosineçki “Bursaspor”un oyunlarını izləyirdi. Azərbaycan millisinə dəvət etdiyi Yılmazın klubda heyətdən kənarda qaldığından xəbərdardı. Söz sahibi klub başqanıdı. Dənizin komandada qalmağını istəməsə, müştərim qərarına hörmətlə yanaşacaq. Bu məsələdə əsas söz sahibi prezidentdi”.
Fanat.Az