"Bakı" ilə oyunda dubl edən "Xəzər Lənkəran"ın hücumçusu Mbilla Etamenin müsahibə verib. Fanat.az həmin müsahibəni təqdim edir:
- “Bakı” ilə oyun necə keçdi?
- Komanda olaraq yaxşı oynadıq və bunun nəticəsində qələbə qazandıq. Düzdü, ən azı daha iki qol da vura bilərdik. Amma əsas odur ki, ilk qalibiyyətimizi əldə etdik. İnanıram ki, bu qələbə komandaya əlavə əhval-ruhiyyə verəcək.
- Bu gün yeni komandanda iki qola imza atdın və günün ən yaxşılarından biri idin. Bu haqda nə demək istəyirsən?
- Mənim qol vurmağımın elə də önəmi yoxdu, əsas odur ki, komanda qələbə qazansın. Biz də çox çalışdıq, Allah da zəhmətimizin bəhrəsini verdi. Bu qələbəni və vurduğum qolları azarkeşlərə hədiyyə edirəm.
- Oyunda zədələnərək meydanı tərk etdin. Zədən indi necədi?
- Elə də ciddi deyil. Baş məşqçi də məni riskə atmaq istəmədi. Gələn oyunda komandama kömək etmək üçün əlimdən gələni edəcəm.
- Yeni komandan necədi? Artıq uyğunlaşa bilmisən?
- Bəli, tam uyğunlaşmışam. Belə baş məşqçim və komanda yoldaşlarım olduğu üçün sevinirəm. Komandada vəziyyət əladı.
- Necə fikirləşirsən, “Xəzər Lənkəran” bu mövsüm çempion ola bilər?
- Bu qələbə bizə əlavə əhval-ruhiyyə verdi. Azarkeşlərimiz əmin olsun ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- “Xəzər Lənkəran” ilk qələbəsini VI turda əldə etdi. Səncə, bir az gec deyilmi?
- Gec idi, amma biz geridə qalan turların əksəriyyətində yaxşı oyun göstərdik ancaq bəxtimiz gətirmədi. İndidən sonra inanmıram ki, komanda asanlıqla xal itirsin.
sportal.az