Polşa çempionatında oynamış azsaylı futbolçularımızdan olan Saşa Yunisoğlu sözügedən ölkənin "Legiya" klubuna transfer olunan Mahir Emrelinin keçidini dəyərləndirib.
Fanat.Az-a danışan millimizin sabiq üzvü bu ölkədə çıxış etmənin üstünlüyü və çətinliklərindən bəhs edib. "Sabah"ın məşqçisi Polşada top qovduğu günləri də yada salıb.
- Polşa Ekstraklassasında oynamış barmaqla sayılacaq azərbaycanlılardan birisiniz. Mahir Emreliyə orda möhkəmlənməsi üçün nə kömək ola bilər?
- Bəli, bu vaxta qədər Polşada elə də çox azərbaycanlı futbolçu oynamayıb. Hazırda Mahirdən başqa, Fuad Bayramov və ukrayna əsilli Anton Krivotsyuk da Polşada çıxış edirlər. Hər üçünə də uğurlar arzu edirəm. Komandada möhkələnmək üçün ən vacib odur ki, özünəməxsus futbol nümayiş etdirəsən və məşqlərdə özünü yaxşı tərəfdən göstərəsən. Mahiri Azərbaycanda artıq hamı tanıyırdı. Pis çıxmasın, o, pis məşq etsə belə, Mahir Emreli elə Mahir Emreli olaraq qalır və hamı onun potensialına bələddir. "Qarabağ"da qalsaydı, yenə də heyətdə yer alacaq və ya ehtiyatdan meydana çıxıb yüz faiz oynayacaqdı. Hamı bilirdi ki, Mahir Emreli kimdir. Ancaq Polşada onu yaxşı tərəfdən nə tamaşaçılar, nə də klub rəhbərliyi və məşqçilər tanıyır. Ona görə Mahir özünü sübut etməlidir. Sübut etmək üçün məşqlərdə 100 yox, 120% çalışması vacibdir. Ki, göstərsin ki, bura elə-belə gəzməyə deyil iş görməyə, komandasına kömək etməyə gəlib. Yenə deyirəm "Legiya" Polşanın ən yaxşı, ən tanınmış, köklü klublarından biridir. Açığı, mən sevindim ki, Mahir məhz "Legiya"ya getdi. "Legiya"nın futbolu "Qarabağ"ın oyun üslubuna bir balaca uyğundur. Onlar da "Qarabağ" kimi qısa ötürmələrə və texnikaya üstünlük verirlər. Ona görə inanıram ki, Mahir orda çətinlik çəkməyəcək.
- Hər xalqın özünəməxsus xarakteri, adət-ənənələri var. Sizin üçün orda ən böyük sürpriz nə idi? Ən böyük çətinliyiniz nə idi?
- Ora gedəndə millidə az oyun oynamışdım. Polşada məni heç kim tanımırdı. Perspektiv üçün getmişdim. Belə desəm, mənim üçün hər şey surpriz idi. Çünki o vaxta qədər nadir hallarda Azərbaycanı tərk edirdim. Cəmi 21-22 yaşım olardı. Bəli, hər ölkənin öz xarakteri, yaşayış tərzi var. Biz müsəlmanıq, onlar isə katolik. Yeməktən tutmuş sosial əlaqələrə qədər fərqlər var. Adi danışıq tərzində belə fərqlər var. Ona görə çətinliklər çox idi. Amma Mahirə baxırsan ki, həm ingilis dilini bilir, həm də dünyagörüşü çox genişdir. İnanıram ki, bir neçə aydan sonra polyak dilini də öyrənəcək. Mən də orda yerli dili öyənmişdim. Əsas problemlərdən biri dil idi. Çünki o vaxtı mən heç ingilis dilini də bilmirdim. Polşada ya polyak, ya da ingilis dilini bilmək vacibdir. Mən isə yalnız rus və azərbaycan dillərində danışırdım. Ora gedəndən 3-4 ay sonra polyak dilini öyrəndim.
- Emreli üçün orda ən böyük əngəl nə ola bilər?
- Polşada yaşayış tərzi fərqlidir. Mahir ora futbol oynamağa gedib. Böyük hədəfləri var. Öz xarakterini, hədəflərini ancaq futbola yönəltsə, o zaman heç bir problemi olmayacaq. Yenə də deyirəm, orda yaşayış bir qədər başqadır. İnsanın fikrini yayındıracaq çox şey var. Gərək özünü saxlasın, ancaq futbol oynasın. O zaman çox böyük bir nailiyyət əldə edə bilər. Emreli öz texnikası, potensialı ilə çox irəli gedə bilər. Polşa çempionatı onun üçün tramplin sayılır. Çünki "Legiya"nın hər oyununu tanınmış menecerlər izləyir. Ona görə də, Mahir özünü yaxşı tərəfdən göstərməlidir, buna hazır olmalıdır. Mən əminəm ki, o, bunun üçün gedib Polşaya. Kef eləməyə getmiyib ki, işləməyə, Azərbaycanı layiqincə təmsil etməyə gedib. Çalışacaq ki, ordan tramplin kimi istifadə edib minimum Almaniya Bundesliqasına yüksəlsin. Məncə, potensialı buna imkan verir. Çünki Azərbaycanın ən yaxşı futbolçularından biridir.
- "MKT Araz"ın heyətində 2007-ci ildə UEFA İntertoto Kubokundakı oyunlardan sonra (evdə 0:0, səfərdə 0:1) Polşanın elita təmsilçisi "Qrotslin"ə (hazırda adı dəyişdirilərək "Diskoboliya"ya çevrilən həmin klub 4-cü liqada mübarizə aparır - red.) keçdiniz. O vaxt belə bir təklif alacağını gözləyirdinizmi?
- Həmin il "MKT Araz"da 3-cü ilim idi. Qeyd etdiyiniz oyunda onların menecerləri mənim oyunumu bəyənib rəsmi təklif göndərmişdilər. Həmin matçlardan sonra "MKT Araz"ın dağılması mənim Polşa klubuna keçməyimə təkan oldu. "MKT Araz" dağılmasaydı, mən bəlkə də heç ora getməzdim. Azərbaycan çempionatının başlamasına 1-2 həftdə qalmışdı "MKT Araz" fəaliyyətini dayandırdı. Azərbaycan klublarından da təklif vardı, amma həmin vaxt atamla məsləhətləşib Polşanı seçdik. Ora getdim və çox maraqlı alındı. Açığı təklif gözləmirdim. Biz "MKT Araz"da çempionata hazırlaşırdıq, güclü heyət yığmışdıq, təlim-məşq keçmişdik, bir sözlə hər şey yaxşı idi. Ancaq birdən-birə klub fəaliyyətini dayandırdı və mənə bu təklif gəldi. Çox gözlənilməz idi. Heç çox düşünmədən Polşaya getdik və 2 illik müqavilə bağladıq. Çempionata biraz gec qoşuldum. Elə həmin mövsüm 3-cü yeri tutduq və kuboku götürdük. Ondan sonra o komanda da dağıldı. "Qrotslin Diskoboliya"nın yerini "Polonya Varşava" tutdu. Orda mənə biraz çətin oldu. Çoxlu zədələr almışdım. Elə o zədələrə görə Varşavada karyeram alınmadı. İkinci il qərar verdim ki, Bakıya qayıdım və gəlib "Bakı" FK ilə müqavilə bağladım.
Röya Kərimli