Millinin İsraillə səfər oyununda ehtiyatda qalan Vüqar Nadirovun klubu “Qarabağ” premyer-liqanın son iki turunda qələbə qazana bilməyib. “17 nömrə” ilə əlaqə saxlayıb məhz meydana çıxmadığı matçdan və Ağdam təmsilçisindən danışdıq.
- İsraillə görüşü ehtiyat oyunçular skamyasından izləmək necə idi?
- Çox çətin. Həyəcanla baxırdım. Oynayanda həyəcan olmur. Çünki bütün diqqətini öz oyununa yönəldirsən. Beynində komanda yoldaşın ötürmə verdiyi anda necə “açılacağını” düşünür, zərbə mövqeyinə çıxmağa əlverişli məqam axtarırsan.
- Milli hesabı açanda nə düşündün?
- Qalib gəlmək şansımızın artdığını fikirləşdim. Əks-hücumların birində ikinci topu vursaydıq, belə də olacaqdı. Ancaq 1:1 hesablı heç-heçəni yaxşı nəticə sayıram. Yəhudilərlə səfər bərabərliyinə nail olmaq müsbət nəticədi.
- Hamı ikinci hissədə oyuna qoşulacağını gözləsə də, sonadək ehtiyat oyunçular skamyasında əyləşdin.
- Bu baş məşqçinin qərarı idi.
- Şans qazanmayacağını gözləyirdin?
- Oynamaq istəyirdim. Futbolçu həmişə hazır olmalıdı. “Qalx hazırlaş” deyəndə meydana çıxıb öz işini görməlidi.
- Düzünü de, ürəyinin dərinliyində Berti Foqtsdan incimədin?
- Niyə inciməliyəm ki?
- Vacib matçda xidmətinə bel bağlamadığına görə. Məsələn, Cihan Özkaranı 90 dəqiqə oyunda saxlamaqdansa, fasilədən sonra səni döyüşə atıb sürətindən yararlana bilərdi.
- Yox. Burda inciməli bir şey yoxdu. Peşəkar futbolçu çalışdırıcıdan inciməməlidi. Əsas odu ki, yığma evə əliboş dönmədi, azarkeşlərimiz üzülmədi.
- Səncə, meydana çıxsan, milli qələbə qolunu vurardı?
- İndi “hə” və ya “yox” deməyin mənası yoxdu. Fakt budu ki, oynamamışam və milli 1 xal qazanıb. Növbəti qarşılaşmalarda yığmaya fayda vermək üçün daha yaxşı hazırlaşmalıyam.
- Biz İsraillə heç-heçədən ağızdolusu danışırıq. Amma yığma F qrupunda sonuncu yerdədi. “Zirzəmi”dən çıxmaq şansımız var?
- Qarşıda bizi iki matç gözləyir. Şimali İrlandiyanı və Rusiyanı evdə qəbul edəcəyik. Bu oyunların hər ikisində uğurlu nəticə qazanmaq haqda düşünməliyik. Bir qələbə ilə qrupdakı vəziyyəti dəyişmək mümkündü.
- Britaniya təmsilçisi ilə “Belfast”da bərabərə qalan yığma “doğma divarlar” arasında azarkeşləri zəfərlə sevindirəcək gücdədi?
- Bu futboldu. Bəzən gözlədiyin reallaşmaya və ya əksinə, ən güclü rəqiblərdən biri ilə oyunda sürpriz qeydə alına bilər. Məqsəd oktyabrdakı görüşlərdə bacardığımızın ən yaxşısını ortaya qoymaqdı. Şimali İrlandiya orta səviyyəli Avropa komandasıdı, “div” deyil. Rusiyaya gəlincə, onlarla qarşılaşmalar xüsusi ab-havada keçir. Hazırda yığmada yaxşı özünəinam formalaşıb. Futbolçular öz gücünə inanır. Önəmli oyunlar ərəfəsində özünəinamın, ruh yüksəkliyinin olması şərtdi.
- Dediyindən belə başa düşdüm ki, qrup oyunlarını sonuncu yerdə bitirməyəcəyimizə inanırsan.
- Hə, inanıram.
- Bəs neçənci olacağıq?
- Onu zaman göstərəcək. Bizə qələbə lazımdı.
- Ən yaxşısına ümid edək. Bəs “Qarabağ” niyə “əyləci basıb”?
- İstər AZAL-a məğlub olduğumuz, istərsə də “Rəvan”la heç-heçə etdiyimiz oyunda çoxsaylı qol vəziyyətləri yaratmışıq. Özümün boşa verdiyim qol imkanları indi də gözümün önündədi. Təəssüf ki, son nəticədə meydandan 3 xalla ayrılmamışıq. Artıq xal itirməyə haqqımız yoxdu. Çempion olmaq istəyirik və başlanğıcdakı itkilərin əhəmiyyətini dərk edirik.
- Avroliqanın pley-offunadək irəliləyən, Almaniyada “Ayntraxt”a çətin anlar yaşadan komandanın “Rəvan”ı yenmək tapşırığının öhdəsindən gəlməməsi nə ilə bağlıdı?
- Səbəblər müxtəlifdi. Bu suala baş məşqçi daha yaxşı cavab verər. Ola bilsin, hələ vəziyyəti lazımi səviyyədə dəyərləndirmirik. Qurban müəllimin (Qurban Qurbanov) gözəl sözü var. Həmişə deyir ki, hərə özlüyündə bir az “artırsa” planlaşdırılmamış xal itkiləri olmaz. İlk növbədə biz futbolçular hamılıqla məsuliyyət hissini artırmalıyıq. Avroliqa geridə qaldı. Avropanı yayadək yaddan çıxarmalıyıq.
- Bəlkə Reynaldo, Çumbinyo, Ulriş Kapolonqo kimi legionerlərin yerli çempionatın oyunlarına köklənməklə bağlı çətinlikləri var?
- Nə deyim, vallah... Biz yolun başlanğıcındayıq. Milli komandaları düşərgəsinə yollanan futbolçuların çempionat oyununa istənilən səviyyədə hazırlaşa bilmədiyini də unutmayaq. Söhbət yorğunluqdan getmir. Bir neçə futbolçu ümumi hazırlıqdan kənarda qalanda bu, komandanın çıxışında özünü göstərir. Digər tərəfdən, indiki durumda içi mən qarışıq heç bir futbolçunun “qanad çıxarmaq” haqqı yoxdu. Nə etmişik ki? Məgər çempion olmuşuq? Turnir cədvəlinə baxın, son iki oyunda qələbə qazansaydıq, indi şəriksiz lider idik. Büdrədik və “Neftçi”yə bizi haqlamaq imkanı yaratdıq. Dediyim kimi, irəlidəki oyunlarda qələbə üçün yeri gəlsə, bacardığımızdan da artığını meydanda qoymalıyıq.
NİHAT, “Futbol+”