Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Foot Mercato": "Milan" "Lion"un yarımmüdafiəçisi Ussem Auarı heyətinə qatmaq istəyir. "Rossonerlər" yayda müqaviləsi başa çatacaq futbolçunu pulsuz əldə etmək niyyətindədir. Ancaq "Milan" işi çətin olacaq. Belə ki, "Napoli", "Betis", "Sevilya" və "Real Sosyedad" da Auarın xidmətində maraqlıdır".
İnsayder Nikolo Skira: "Papu Qomes yanvarda "Sevilya"nı tərk edə bilər. 34 yaşlı yarımmüdafiəçi baş məşqçi Xorxe Sampaolinin planlarına daxil deyil. Argentina millisinin üzvünün "Sevilya" ilə müqaviləsi 2024-cü ilə qədərdir".
MEN: "Mançester Yunayted" Milinkoviç-Saviçi transfer etmək niyyətindədir. İngiltərə təmsilçisi yarımmüdafiəçi üçün "Latsio"ya 70 milyon avro ödəməyə hazırdır. Serb oyunçu "qırmızı şeytanlar"ın çoxdan hədəfindədir. Klubun baş məşqçisi Erik ten Haq Milinkoviç-Saviç ilə "Yuventus"dan almaq istədiyi Adrien Rabyo arasında uğurlu duet alınacağına əmindir".
İnsayder Xulio Miqel Netu: "Rusiya "Spartak"ından Ayrton "Flamenqo"ya keçəcək. Braziliya təmsilçisi 25 yaşlı müdafiəçiyə 4 illik müqavilə təklif edib".
İnsayder Nikolo Skira: "Spetsiya"nın müdafiəçisi Emil Holm "Yuventus"un maraq dairəsindədir. Turin klubunun skautları son həftələrdə 22 yaşlı isveçlini izləyirlər. Amma tərəflər arasında danışıqlar hələ başlamayıb. Holmun "Spetsiya" ilə cari müqaviləsi 2026-ci ilin iyun ayında başa çatır".
Röya Kərimli