Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Corriere dello Sport": "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç klubunu tərk etməyə bilər. Bu barədə futbolçunun meneceri Mateya Kejman məlumat verib. Onun sözlərinə görə, "Latsio" Çempionlar Liqasında çıxış etmək niyyətindədir. Bu isə Sergeyin klubda qalmasına səbəb ola bilər. Qeyd edək ki, serbiyalı yarımmüdafiəçi "Arsenal" və "Nyukasl"ın diqqət mərkəzindədir.
"Evening Standard": "Çelsi" hücumçusu Joau Feliksi komandada saxlamaq niyyətindədir. Portuqaliyalı futbolçu Londona "Atletiko Madrid"dən icarə əsasında gəlib. Feliksi birdəfəlik satınalma qiyməti 100 milyon avro təşkil edir. Lakin "zadəganlar" üçün bu məbləğ yüksəkdir. Futbolçunu təkrar icarə almaq dəyəri isə 16 milyon avro təşkil edir.
"Football Espana" və "Sport": "Ayntraxt"ın müdafiəçisi Evan Ndikaya daha bir elçi çıxıb. "Liverpul" və "Barselona"nın ardından "Roma" da fransalı futbolçunu heyətində görmək istəyir. İtaliya klubunun baş məşqçisi Joze Mourinyunun artıq Ndika ilə danışdığı bildirilir.
Xatırladaq ki, Evanın Almaniya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, seçdiyi kluba azad agent kimi keçəcək.
Röya