"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi komandanı millinin baş məşqçisi Berti Foqtsun köməkçisi Nazim Süleymanova tapşırıb.
Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Süleymanov 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edib və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan "Avtomobilçi" (Mingəçevir) klubunun heyətinə cəlb olunub. İnamlı oyunu ilə seçilən Süleymanov Azərbaycanın birinci komandası "Neftçi"yə dəvət alıb. 1983-1990-cü illərdə "ağ-qara" formanı geyinən futbolçu 177 oyunda 27 qola imza atıb.
Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdı. Düzdü, onun Rusiya karyerası uğurlu başlamayıb və 1990-cı ildə keçdiyi "Spartak"dan cəmi bir il sonra ayrılaraq Vladiqafqaz "Alaniya"sına təşrif buyurub. 1992 və 1996-cı illərdə Rusiya çempionatının gümüş, 1995-cı ildə isə qızıl medalını qazanan Süleymanov eyni zamanda çempionatın ən sərrast futbolçusu kimi tarixə düşüb. "Alaniya"da ümumilikdə 142 oyun keçirərək 60 qola imza atıb.
1997-ci ildə "Alaniya"dan ayrılan Süleymanov Soçi "Jemçujina"sıyla anlaşıb. Bu klubun heyətində 67 oyuna çıxan həmyerlimiz 13 qol vurub və 2000-ci ildə karyerasını bitirib. O, 1992-1999-cu illərdə 24 dəfə milli komandasının formasını geyinərək 5 qola imza atıb.
Oyunçu karyerasının bitirən Süleymanov məqşçilik fəaliyyətinə start verib və Rusiya çempionatında yarışan "Jemçujina" (Soçi) klubunun əvəzedici heyətinin məşqçisi təyin olunub. Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşıb. Növbəti il vətənə dönən Nazim bəy yenicə yaranmış "Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunub. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunub. Süleymanovun daha sonra çalışdığı məkan "Bakı" olub. Paytaxt təmsilçisinin əvəzedici komandasını çalışdıran mütəxəssis 2009-2011-ci illərdə AZAL-a başçılıq edib. Komanda onun rəhbərliyi altında məhdud büdcə ilə Avropa Liqasına vəsiqə qazanıb. Süleymanovun son iş yeri milli komanda idi. O, 2012-ci ildən Berti Foqtsun köməkçisi qismində fəaliyyət göstərirdi.
Süleymanov tək futbolda deyil, eyni zamanda, güləşdə də uğur qazanıb. Belə ki, o, sərbəst güləş üzrə Mingəçevir çemponu titulunun sahibidi.
Fanat.az