Son illərdə futbolda oyun alqı-satqısı ilə bağlı qalmaqalların sayı artır. Qeyri-rəsmi mərc şirkətləri futbolda alqı-satqının artmasında önəmli rol oynayır. Son bir neçə ildə dünya futbolu İtaliya, Türkiyə, Almaniya, Finlandiya, Macarıstan, Çin, Sinqapur, Avstraliya, Zimbabve və başqa ölkələrdəki bu kimi qalmaqallarla sarsılıb. Dünya futbolunda bu halların sayı 2000-ci ildən sonra sürətlə artmağa başlayıb.
Son olaraq İngiltərədə yaşanan qalmaqal qeyri-rəsmi mərc şirkətlərinin oyun alverinin təşkilində hər keçən gün daha çox söz sahibi olduğunu deməyə əsas verir. Futbol qurumları alqı-satqının qarşısını almaq üçün cəzaları sərtləşdirsə də, Avropa və dünyanın digər ölkələrində bu sahədə hər ötən gün artımın olduğu diqqətlərdən yayınmır.
Almaniyada hakimin etirafı
Almaniyanın II Bundesliqasında hakimlik edən Rober Hoyzerin etiraflarından sonra 2005-ci ildə 15 nəfər həbs olunmuşdu. Referi idarə etdiyi oyunlarda alqı-saqtıya qarışdığını və xorvatlardan ibarət oyun alverçiləri ilə anlaşdığını etiraf etmişdi. Bundan sonra o, futboldan ömürlük xaric edilməklə yanaşı, 2,5 il həbs cəzası verildi. Hoyzerin etirafları sayəsində Dominik Marks adlı başqa bir hakim də həbs olundu.
Xorvat qruplaşmanın UEFA-nın təşkil etdiyi yarışlara da əl uzatdığı ortaya çıxandan sonra Avropada 300-ə yaxın oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi aşkarlandı.
Ulduz futbolçu həbs olundu
İtaliya futbolunda 2011-ci ildə A Seriyası matçları da daxil olmaqla 18 qarşılaşmada alqı-satqı səbəbindən aralarında məşhur italyan futbolçu Güzeppe Siqnorinin də olduğu 16 nəfər həbs edildi. A Seriyasında 188 qol vuran və İtaliyanın yetişdirdiyi ən yaxşı hücumçulardan hesab olunan milli futbolçunun adının oyun alverinə qarışması ölkədə şok effekti yaratmış və Siqnori 5 il futboldan kənarlaşdırılmışdı. İtaliyada bundan sonrakı 2 bənzər olayda 31 nəfər həbs olunmuşdu.
Finlandiyada sinqapurlu tutuldu
Finlandiyadakı oyun alqı-satqısı ilə bağlı faktlar sinqapurlu Vilson Raj Perumalın 2011-ci ildə həbsindən sonra ortaya çıxmışdı. Finlandiyalı futbolçulara rüşvət verərək oyunların nəticəsini əvvəlcədən müəyyənləşdirən Perumal 2 il azadlıqdan məhrum edilmişdi. Adı rüşvət olayına qarışan "Rovaniemi" klubunun 7 zambiyalı və 2 gürcü oyunçusu 6-20 ay futboldan kənarlaşdırılmışdı.
Milli komandalara da əl atdılar
Macarıstanda oyun alqı-satqısı ilə bağlı aparılan istintaq çərçivəsində 50 nəfər saxlanılıb. Hazırda 44 macar və 1 sinqapurlunun 16 il azadlıqdan məhrum etmə cəzası tələbi ilə məhkəməsi davam edir. Onların 32 matçın nəticəsini əvvəlcədən müəyyənləşdirdiyi məlum olub. Bu qarşılaşmalar arasında İtaliya və Finlandiya çempionatlarının oyunlarından başqa Macarıstan birinciliyinin 11 və adı açıqlanmayan 2 milli matçın olduğu bildirilir.
Avropadan kənarda qumar şoku
Oyun alqı-satqısı ilə bağlı faktlara təkcə Avropada rast gəlinmir. Çində uzun illər oyun alveri ilə məşğul olduğu müəyyənləşən quruplaşmanın 3 il davam edən məhkəməsi bu ilin əvvəlində başa çatdı. Nəticədə 58 nəfər müxtəlif müddətə futboldan kənarlaşdırıldı. 33 futbolçunun ömürlük futbol oynaması qadağan olundu və 12 kluba müxtəlif cəzalar verildi.
Çin Futbol Federasiyası "Şanxay Şenhua" klubunu 120 min avro cərimə etdi və 2003-cü ildə əldə etdiyi çempionluğu geri aldı. Çin milli komandasının formasını geyinən 4 futbolçu 6 ilə qədər azadlıqdan məhrum olundu. Eyni zamanda sabiq federasiya prezidentləri - Nan Yonq və Xie Yalonqa rüşvət aldıqlarına görə 10,5 il həbs cəzası verildi.
Sinqapurda isə ilin əvvəlində başlayan istintaq çərçivəsində 14 nəfər həbs olundu. Ələ keçirilən quruplaşmanın uzun illərdi Asiya və Avropada oyun alveri ilə məşğul olduğu müəyyənləşdi.
Ekvadorun da adı son olaraq İngiltərədəki qalmaqalda hallanmışdı. Avstraliyada oyun alqı-satqısı ilə məşğul olduqları iddia edilən aralarında 4 ingilis futbolçunun da olduğu 10 nəfər saxlanılmışdı. Avstraliya çempionatında çıxış edən "Southern Stars" klubunun bu mövsüm oynadığı 4 qarşılaşmada 13 qol buraxıb rəqib qapılarına yol tapa bilməməsi bu iddiaları gücləndirir.
Zimbabve Futbol Federasiyası isə 2007-ci ildə ölkə çempionatında oynayan matçlarda alqı-satqıya qarışan 15 futbolçunun lizenziyasını ləğv etmişdi. 80-ə yaxın oyunçu isə müxtəlif müddətə futboldan kənarlaşdırılmışdı.
Fanat.az