Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimlə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, qurum hazırda davam edən Şimali İrlandiya ilə oyundan əvvəl təqdimat mərasimi keçirib.
Mərasimdə çıxış edən TFF-nin prezidenti Yıldırım Demirören "İmperator"la 5+2 illik müqavilə bağladıqlarını bildirib: "Hocamızın adanalı olması, milli komandanın baş məşqçisi olaraq ilk matçına Adanada çıxması bizə onu razı salmaqda yardımçı oldu. Onunla nə müqavilənin müddətini, nə də maddi şərtlərini müzakirə etdik. Bizə "may ayına qədər müqavilə imzalamayacam" sözünü xatırlatdı. Ancaq görüləsi çox işimiz var. Buna görə İdarə Heyəti olaraq gözləmək istəmədik və onu razı salaraq 5+2 illik müqavilə bağladıq. Bu bəlkə Türkiyədə, bəlkə də Avropada bir ilkdi. Ölkəmizdə bir baş məşqçi milli komandada orta hesabla 1,6 il qalır. Bu vəziyyət klublarımızda da hökm sürür. Hədəfimiz hər hansı bir turnirə qatılmaq deyil. Məqsədimiz hər turnirdə oynayacaq komanda yaratmaqdı".
Fatih Terim isə çıxışında çətinliklə qərar verdiyini bildirib: "TFF prezidentinə, İdarə Heyətinə mənə göstərdikləri diqqətə və hörmətə görə təşəkkür edirəm. Yıldırım Demirörenin sözlərinə bir neçə əlavəm var. İki gündü ona "yox" dediyim üçün çox məyus oldum. Amma bu günkü (dünən) son görüşdən sonra müqaviləni imzalamaq qərarına gəldik. İslahatlar aparmaq istəyirik. İnşallah, türk futbolunun gələcəyini çox gözəl şəkildə inşaa edərik".
Fanat.az