Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq hücumçusu Rizvan Umarov özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, 23 yaşlı hücumçu Estoniyanın "Narva Trans" klubu ilə anlaşıb.
Umarov artıq müqavilə imzaladığı bu komandada ilk oyununa da çıxıb. O, Rusiyanın "Zenit" klubunun ikinci komandasına qarşı keçirilmiş yoxlama oyununun iştirakçısı olub. Rizvan bu görüşdə dubla da imza atıb. Lakin komandası meydanı məğlub tərk edib - 2:3.
Qeyd edək ki, Umarov Rusiyanın "Zenit" klubunun yetirməsidir. O, həmçinin İspaniyanın "Kastelyon", "Elçe" klublarında, Rusiyanın "Anji", "Dinamo" (Sankt-Peterburq) və "SKA-Energiya" komandalarında da çıxış edib. O, ilk dəfə 2011-ci ilin 6 oktyabrında Azərbaycanın U-19 millisində debüt edib, Avropa çempionatının seçmə oyunu çərçivəsində İsveçdə bu ölkənin millisinə qarşı oynayıb. 2012-ci ilin 6 sentyabrında isə U-21-in heyətində "Dalğa Arena"da İngiltərəyə qarşı forma geyinib. Əsas millidə isə 202-ci il fevralın 24-də Dubayda Sinqapura qarşı yoldaşlıq matçında meydançaya çıxıb. (Rekord.az)
Fanat.az