Ümumdünya Qarışıq Döyüş Sənətləri Assosiasiyasının (WMMAA) rəsmi saytından qondarma “Dağlıq Qarabağ Respulikası” və Ermənistanın adları çıxarılıb. Fanat.az xəbər verir ki, bu haqda Azərbaycan MMA Liqasının prezidenti və WMMAA-nın İdarə Heyətinin üzvü Kənan Məmmədov məlumat verib.
O bildirib ki, WMMAA-nın rəsmi saytındakı üzv ölkələr siyahısında “DQR”in də yer aldığını öyrəndikdən sonra qurumun rəhbərliyi ilə əlaqə saxlayıb: “Mən İdarə Heyətinin üzvü kimi tələb etdim ki, qondarma qurumu üzv siyahısından çıxarsınlar və separatçıların adını sayta yerləşdirənləri cəzalandırsınlar. Onlar isə yol verilən yanlışlığa görə üzr istədilər, saytın redaktorunun isə işdən qovulduğunu bildirdilər. Artıq WMMAA-nın saytında nəinki qondarma qurumun, heç Ermənistanın adı yoxdu. Çünki İdarə Heyətinin üzvü kimi Qafqaz ölkələrinə də nəzarət edirəm”.
Məmmədovun sözlərinə görə, WMMAA-nın İdarə Heyətinin heç bir iclasında qondarma respublikanın üzvlük məsələsi qaldırılmayıb. Liqa prezidenti hesab edir ki, saytda “DQR”in üzvlər siyahısında yerləşdirilməsi bir təxribatdı: “WMMAA Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qurumun “Dağlıq Qarabağ Respublikası” adında üzvü yoxdu, ola da bilməz”.
lent.az