Millimizin sabiq üzvü Usim Ndukanın Türkiyə karyerası başa çatıb. Fanat.az xəbər verir ki, futbolçu "Tavşanlı Linyitspor"dan kənarlaşdırılıb.
Bu barədə Kütahya təmsilçisinin baş katibi Kürşat Dabak məlumat verib. Klub rəsmisi bildirib ki, Usim Nduka və Qodvin Olurundarenin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Nduka komandadan getsə də, heyətə düşə bilməyən qapıçı Andrey Popoviç "Tavşanlı Linyitspor"da saxlanılıb.
Qeyd edək ki, Nduka yayda keçidiyi "Tavşanlı Linyitspor"da 15 oyun keçirib və 1281 dəqiqə oynayıb. Bu müddətdə o, 5 sarı vərəqə alıb. Nigeriyalı futbolçu ölkəmizdə 2004-2013-cü illərdə AZAL-ın formasını geyinib. 2007-ci ildə milliləşdirilən müdafiəçi uzun müddət yığmamızda çıxış edib.
Onu da qeyd edək ki, bundan əvvəl Fərid Quliyevlə Murad Axundzadə "Kahramanmaraşspor"dan, Arif İsayev isə "Dənizlispor"dan ayrılmışdı.
Fanat.az