Bu yay transferə ən çox pul xərcləyən klublar

Bu yay transferə ən çox pul xərcləyən klublar

2017/18 mövsümünün yay transfer pəncərəsi artıq bağlanıb. Bu transfer dövrü çox hərəkətli keçdi və bir sıra rekordlar qırıldı. PSJ "Barselona"lı Neymarı heyətinə qataraq "Dünyanın ən bahalı futbolçusu" etdi.

"Mançester Siti" sərvət xərclədi

Ötən mövsümü kuboksuz başa vuran "Mançester Siti" transfer dönəminin ən fəal klublarından oldu. Pep Qvardiolanın başçılıq etdiyi komanda 244.3 milyon avro ilə transferlərə ən çox pul xərcləyən İngiltərə klubu oldu.

"Şəhərlilər" daha çox müdafiə xətti üçün pul sərf edib. 40 milyon avroya "Benfika"dan qapıçı Edersonu alan "Mançester Siti" müdafiəçi Kili Ualkeri "Tottenhem"dən 51, Danilonu "Real"dan 30 milyon avroya transfer edib. İngiltərə klubu "Monako"dan Benjamin Mendini 57.5 milyon avroya alaraq onu tarixin ən bahalı müdafiəçisi statusu qazandırıb. "Şəhərlilər" həmçinin "Monako"dan Bernardo Silvanı 50, "Vasko da Qama"dan Duqlas Luizi 12, "Austriya"dan Olarenvayu Kayodeni 3.8 milyona avroya alıb.

Bu yay transferə ən çox pul xərcləyən klublar

Benjamin Mendi

PSJ transfer dönəminə damğa vurdu

PSJ Neymarı 222 milyon avroya alaraq futbol tarixinin ən bahalı transferini reallaşdırdı. Braziliyalını "Dünyanın ən bahalı futbolçusu" edən Paris klubu "Monako"nun 18 yaşlı ulduzu Kilian Mbappe üçün də "kisənin ağzını açdı". "Maliyyə Fair-Pley" qaydalarına görə transferi bitirə bilməyən PSJ onu bir illik icarəyə götürdü. Paris klubu gələn mövsümün əvvəlində "Monako"ya 175 milyon avro ödəyərək onun transfer hüququnu alacaq.

Bu yay transferə ən çox pul xərcləyən klublar

Kilian Mbappe-Neymar

PSJ həmçinin "Yuventus"dan ayrılan Dani Alveşi transfer haqqı ödəmədən heyətinə qatıb, "Real Sosyedad"dan Yuri Berçiçeni 16 milyon avroya alıb.

"Mançester Yunayted"dən 3 futbolçuya 164 milyon avro

"Mançester Yunayted" bu yay heyətində köklü dəyişikliklər etmədi. Adnan Canuyaz və Ueyn Runi ilə yollarını ayıran "qırmızı-şeytanlar" Romelu Lukaku, Neyanya Matiç və Viktor Lindelofu transfer etdi.

Lukaku üçün "Everton"a 84.7 milyon avro ödəyən "Mançester Yunayted" Matiçi "Çelsi"dən 44.7, Lindelofu "Benfika"dan 35 milyon avroya alıb. Beləliklə, Mançester təmsilçisi 3 futbolçu üçün 164 milyon avro xərclədi.

Bu yay transferə ən çox pul xərcləyən klublar

Neyanya Matiç 

Neymarın yerinə Dembele

Neymarın 222 milyon avroya PSJ-yə getməsinə əngəl ola bilməyn "Barselona" braziliyalı ulduzun yerini Osman Dembele ilə doldurdu. Kataloniya klubu gənc futbolçu üçün "Borussiya"ya (Dortmund) bonuslarla birlikdə 147 milyon avro ödəyərək onu "Dünyanın ən bahalı ikinci futbolçusu" etdi.

Bu yay transferə ən çox pul xərcləyən klublar

Osman Dembele

"Barselona" Çinin "Quanqzu Everqrande" klubundan Paulinyonu 40, "Benfika"dan Nelson Semedonu 30.5, "Everton"dan Cerard Deulofeunu 12, "Fluminense"dən Marlonu 5 milyon avroya aldı.

"Çelsi"dən 6 transfer

İngiltərə Premyer Liqasının son qalibi "Çelsi" heyətini böyük ölçüdə qorumaqla yanaşı, 6 yeni futbolçu ilə gücləndi. "Mavilər" "Real"dan Alvaro Moratanı 62, "Monako"dan gənc yarımmüdafiəçi Tiemoue Bakayokonu 40 milyon avroya transfer etdi. 

Bu yay transferə ən çox pul xərcləyən klublar

Alvaro Morata

Əfsanəvi oyunçusu Con Terri ilə yollarını ayıran "Çelsi" müdafiənin mərkəzini Antonio Rüdigerlə doldurdu. Premyer Liqa klubu bu transfer üçün "Roma"ya 35 milyon avro ödəyib. "Çelsi" həmçinin David Zappakostanı "Torino"dan 28, "Lester"dən Dannt Drinkvateri 38 milyon avroya alıb.

"Mançester Siti"dən Uilli Kaballero üçün isə müqaviləsi başa çatdığı üçün transfer haqqı ödənməyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər