İspaniya həftələrdir "Barselona" klubuna qarşı irəli sürülən rüşvət ittihamı ilə çalxalanır.
Fanat.Az İspaniyanın gündəlik “El Confidencial” qəzetinə istinadən xəbər verir ki, iş artıq məhkəməyə verilib.
Kluba və onun keçmiş rəsmilərinə qarşı ittiham irəli sürülüb. Qalmaqallı işlə bağlı yeni faktlar da üzə çıxıb. Məlum olub ki, klub Juan Laportanın dövründə o vaxt Texniki Hakimlər Komitəsinin vitse-prezidenti olan Xose Mariya Enrikes Neqreyraya, hətta onun oğluna illərdir böyük məbləğdə pul ödəyib. Neqreydanın oğlu Xavyer Henrikes Romeroya dörd il ərzində ümumilikdə 750 min avro ödənilib.
Gənc Neqreyra 2004-cü ildən 2010-cu ilə qədər Juan Laportanın ilk prezidentliyi dövründə İspaniya Futbol Federasiyasında (RFEF) məşqçi işləyib.
Qəzet iddia edir ki, ödənişlərin olması vergi xidməti tərəfindən aşkarlanıb. Xəbəri “işə yaxın mənbələr” təsdiqləyib.
İstintaq materiallarında Xavyer Enrikes Romero da yer alıb. Məhz onun şirkəti "Barselona"ya faktura verib. Qeyd edək ki, “Barselona”nın günahı sübuta yetirilərsə, o zaman Kataloniya klubunun La Liqadan və Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Mirağa